Dünyada COVID-19 səbəbindən ölüm halları təxminən 30 faiz azalıb - ÜST

Aprelin 3-dən aprelin 30-dək dünyada təxminən 2,8 milyon insan koronavirus infeksiyasına yoluxub, 17 mindən çox insan dünyasını dəyişib. Əvvəlki 28 günlə müqayisədə ölənlərin sayı 30 faiz, yoluxmaların sayı 17 faiz azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.
ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 2 779 198 yoluxma halı və 17 459 ölüm halı qeydə alınıb.
28 gün ərzində ən çox yoluxma halı ABŞ-da aşkarlanıb - 392 480.
Mayın 3-nə olan vəziyyətə görə, təşkilata pandemiyanın başlanğıcından bəri 765 222 932 koronavirusa yoluxma halı və 6 921 614 ölüm halı barədə məlumatlar daxil olub.