"Disney", "Sony" və "Warner Bros" yeni filmlərinin Rusiyada yayımını ləğv ediblər
"Disney", "Sony" və "Warner Bros" kino şirkətləri Ukraynadakı müharibə ilə əlaqədar yeni filmlərinin Rusiya kinoteatrlarında nümayişini ləğv ediblər.
Bu barədə "Washington Post" qəzeti "Warner Bros" şirkətinin bəyanatına istinadən yazır.
Bildirilir ki, şirkət "The Batman" filminin martın 2-də premyerasından bir gün əvvəl Rusiyada buraxılışını ləğv edib.
"Ukraynadakı humanitar böhran fonunda "Warnermedia" Rusiyada "The Batman" bədii filminin yayımını dayandırır. Vəziyyəti izləməyə davam edəcəyik. Biz bu faciənin tezliklə və sülh yolu ilə həllini gözləyirik", - film şirkəti bildirib.
Bundan başqa, "Disney" şirkəti martın 10-da premyerası nəzərdə tutulan "I'm Blushing" cizgi filminin buraxılışını ləğv edib. Eyni zamanda, "Sony" şirkəti də Cared Letonun oynadığı "Morbius" filminin yayımını ləğv etmək qərarına gəlib.