Dünyada yarım milyarddan çox insan yoxsullaşma riski ilə üzləşib
Pandemiya zamanı səhiyyə sistemlərindəki problemlər səbəbindən yarım milyarddan çox insan yoxsullaşma riski altındadır.
Bu barədə ÜST və Dünya Bankının birgə məlumatında deyilir.
"İnsanların tibbi xidmətləri öz ciblərindən ödəməli olduğu vəziyyət yarım milyarddan çox insanı həddindən artıq yoxsulluğa gətirib çıxarır", məlumatda deyilir.
COVID-19-un yayılması ilə əlaqədar tibbi xidmətlərin göstərilməsində fasilələr yaranıb, pandemiya bir çox dövlətlərin səhiyyə sistemlərində həddindən artıq gərginliyə səbəb olub. ÜST və Dünya Bankının məlumatına görə, bu səbəbdən son 10 ildə ilk dəfə olaraq immunizasiyanın əhatə dairəsi azalıb, vərəm və malyariyadan ölüm halları artıb.
ÜST-ün rəhbəri Tedros Adhanom Gebreyesus hökumətləri bütün vətəndaşların səhiyyə xidmətlərindən istifadə edə bilməsi və bununla bağlı maliyyə nəticələrindən qorxmaması üçün daha çox səy göstərməyə və resurslar ayırmağa çağırıb.