Budapeştdə “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun toplantısı keçirilib
Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumu çərçivəsində Budapeşt
şəhərində “BİZ – Zəfər Yoluna Davam!” Təşəbbüs Qrupunun gənc üzvlərinin
toplantısı keçirilib.
Toplantının moderatoru olan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli təşəbbüs
qrupunun yaranması və fəaliyyəti barədə qısa məlumat verib. Bu qrupun ötən il
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində 70 ölkədən olan diaspor
nümayəndələrinin təşəbbüsü ilə yaradıldığını, uğurla fəaliyyət göstərdiyini
vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva təşəbbüs
qrupunun dəvəti ilə toplantıya qatılmasına görə minnətdarlığını bildirib. Təşəbbüs
Qrupunun yaradılmasının bütün soydaşlarımız tərəfindən rəğbətlə qarşılandığı, bu
qrupun xətti ilə dünyanın müxtəlif ölkələrində tədbirlərin və görüşlərin
keçirildiyini, bu barədə məlumatların qrupun sosial şəbəkələrindəki səhifələrində
yerləşdirildiyini söyləyib.
Tədbir müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Prezident
İlham Əliyevin fikirlərini, ölkəmizdəki tarixi hadisələri əks etdirən videoçarxın
nümayişi ilə davam etdirilib.
Sonra Azərbaycan Milli-Mədəni Muxtariyyəti Sankt-Peterburq şəhər ictimai
təşkilatının gənclər bölməsinin rəhbəri Elman Manafov, Çexiyada “Natəvan”
Cəmiyyətinin üzvü Fərid Əliyev, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin
Yekaterinburq şəhəri üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə, Qarabağ
xanı Pənahəli xanın İspaniyada yaşayan varisi Məhəmmədəli Əkbərov, Tbilisi
Texniki Universitetinin tələbəsi Emil Allahverdiyev, Birləşmiş Ukrayna
Azərbaycanlıları Konqresinin Gənclər və İdman departamentinin sədri Şəhriyar
Məhərrəmov, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü, “ON
24” şirkətində mühəndis Nurlan Şükürlü, İsveç Krallığında diaspor fəalı və
hüquqşünas Rahil Məmmədov, Vilnüs Menecment və İqtisadiyyat Universiteti
(ISM) Biznesin İdarəedilməsi və Marketinqi üzrə bakalavr tələbəsi İbrahim
Həziyev, “Atlantic Group Vietnam”da ingilis dili müəllimi Sakit Abdullayev,
“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Salatın
Məmmədli soydaşlarımızı qarşıdan gələn növbədənkənar Prezident seçkilərində
fəal iştirak etməyə, dövlətimizin yanında olduqlarını və onun gələcəyinə biganə
qalmadıqlarını ifadə etməyə çağırıblar: “Əraziləri işğaldan tam azad edilmiş
Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar Prezident seçkilərində
mən sizi İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıram. Prezidentin
uğurları bir daha bütün dünyaya sübut etdi ki, heç bir ölkənin Azərbaycanla
ultimatum tonunda dialoq aparmağa haqqı yoxdur. Əminəm ki, güclü liderin
arxasında güclü gələcək dayanır və bu gələcəyi ancaq böyük dəmir yumruqda
birləşməklə qurmaq olar!”
Toplantı sualların cavablandırılması ilə başa çatıb.