ATİAHİ-nin Zaqatala Komitəsində Bəhruz Bayramov "RÜZGARI" - Səttar Mehbalıyevin nəzərinə
ATİAHİ-nın Zaqatala rayon Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır.
Qaynar.media-ya daxil olmuş məlumatlarda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zaqatala rayon Komitəsinin sədri Bəhruz Bayramov fəaliyyətinə qarşı ciddi iradlar öz əksini tapmaqdadır. Mənbələrin iddiasına görə bu komitə sədri İttifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri kimi tanınır. Məlumdur ki, AHİK-nın sədri Səttar Mehbalıyev həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəridir. Məhz bu səbəbdən də Zaqatala rayon Komitəsinin fəaliyyəti bilavasitə Səttar Mehbalıyevin kurasiyasına aid edilir.
Aldığımız məlumatlarda bildirilir ki, bu gün Bəhruz Bayramov Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri. Kəmalə Əhmədova ilə birgə bir çox maxinasiyalarda iştirak edir. Qeyd olunur ki, komitənin vəsaitlərinin mənimsənilməsi və istirahət evlərinə göndəriş vərəqələrinin (putyovka) verilməsi xüsusunda həyata keçirilən müxtəlif maxinasiyaların sayəsində hazırda bu şəxslər kifayət qədər zəngin insanlara çevrilmişlər.( Bu mövzuda növbəti sayımızda geniş məlumat verəcəyik.)
Mənbələrin verdikləri məlumatlara görə, ATİAHİ-nın Zaqatala rayon Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. Bu səbəbdən də komitənin sədri Bəhruz Bayramovdan müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara müəllimlər müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqları da həmkarlar rəhbərlərinin şəxsi mənafeylərinə xidmət edir. Biz bir daha AHİK-nın məqsəd və məramlarının açıqlandığı məlumatlarda təqdim olunan bəzi əsas konsepsiyaları diqqət mərkəzinə çəkmək istəyirik: “Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər...” Lakin bu gün Zaqataladan aldığımız məlumatlara görə, bu bölgədə hansısa bir hüququ ATİAHİ-nın Zaqatala rayon Komitəsi tərəfindən müdafiə və ya bərpa olunmuş vətəndaş tapmaq demək olar ki, mümkün deyil.
Açıqlamada deyilir: “ Həmkarların Zaqatala rayon Komitəsi indiyədək heç bir təhsil işçisinin hüquqlarını müdafiə etməyib. Amma əslində bu gün Zaqatalanın təhsil sistemində vəziyyət tamamilə başqa cürdür. Yəni, həmkarlar komitəsinin öz üzvlərinin hüquqlarını qoruması qalsın bir tərəfə, Bəhruz Bayramov hələ üstəlik təhsil sektorunun rəhbərliyinə bu hüquqların pozulmasında köməklik də göstərir. Başqa sözlə desəm, həmkarların Zaqatala rayon Komitəsi bu gün faktiki olaraq, Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri Kəmalə Əhmədovanın əlində müəllimlərə qarşı əsil təhdid alətinə çevrilib. Daha doğrusu, sektor müdiri bu alətdən birbaşa məktəb direktorlarına qarşı, onlar isə öz növbələrində, artıq müəllimlərə qarşı gen bol istifadə edirlər.
Məsələn, əgər hər hansı bir məktəb direktoru, müəllim və yaxud digər bir təhsil işçisi Kəmalə Əhmədovanın növbəti maxinasiyalarından birinə qarşı etiraz etməyə və ya həmin maxinasiyada bilavasitə onun üçün nəzərdə tutulmuş müəyyən hərəkəti yerinə yetirməkdən boyun qaçırmağa qalxarsa, bu zaman çox qısa müddət ərzində həmin şəxsin işindəmi, davranışındamı mütləq bir “pozuntu” aşkar olunacaq. Bundan sonra isə, həmin əməkdaşın məsələsinə artıq birbaşa həmkarlar komitəsinin islasında baxılacaq və ona qarşı hətta işdən çıxarılmasına qədər, müəyyən qərar qəbul ediləcək. Bu vəziyyət də, təbii ki, Bəhruz Bayramovun bütün qanun pozuntularında və maxinasiyalarda təhsil sektorunun müdiri Kəmalə Əhmədova ilə əlbir olmasının nəticəsi kimi formalaşıb...”
Ardı var.
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.