“AzerGold” QSC Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Azərbaycan İstiqlal Muzeyinin
birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri
keçirilib.
Azərbaycan İstiqlal Muzeyində təşkil edilən, “AzerGold” QSC və onun törəmə
şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-nin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, 31 il öncə
Xocalıda yaşanan dəhşətli hadisələrin Azərbaycanın çağdaş tarixində unudulması
mümkün olmayan, bütövlükdə xalqın yaddaşına dərin iz salaraq, onu daim mübarizə
ruhunda kökləyən faciə olduğunu diqqətə çatdırıb. Erməni faşizminin xislətini, gerçək
mahiyyətini çılpaqlığı ilə əks etdirən Xocalı hadisələrinin təcavüzkar Ermənistan
dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin bir çox dövlətlər tərəfindən
haqlı olaraq qətliam, soyqırımı aktı olaraq qəbul edildiyini qeyd edilib. Tədbirdə xüsusi
amansızlıqla törədilən soyqırımının mahiyyəti və dəhşətli faktlardan söz açılıb. Xocalı
qətliamının əsl niyyətinin Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü
uğrunda mübarizədən çəkindirməklə torpaqlarımızı zorla ələ keçirmək olduğu
vurğulanıb. O.Məmmədov müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin
rəhbərliyi altında qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsi ilə düşmənə layiqli
cavab verildiyini, müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin,
xüsusilə də Xocalı qurbanlarının qisasının döyüş meydanında böyük qəhrəmanlıqla
alındığını qeyd edib.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli Xocalı həqiqətlərinin
təbliği çərçivəsində görülən işlər və faciənin 31-ci ildönümü ilə əlaqədar muzeydə
sərgilənən eksponat və sənət nümunələri barədə iştirakçılara ətraflı məlumat verib.
Çıxışlardan sonra tədbir iştirakçıları qədim zamanlardan müasir dövrümüzə qədər
Azərbaycan xalqının tarixi-mədəni, ictimai-siyasi həyatındakı mühüm hadisələri və
xalqımızın azadlığı uğrunda mübarizə aparan fədailərin həyat yolunu əks etdirən əşyalar,
foto və arxiv sənədləri ilə tanış olub, daha sonra Xocalı soyqırımının 31-ci ildönümü ilə
əlaqədar təşkil olunan sərgiyə baxış keçiriblər.
Sərgidə tanınmış rəssam-heykəltəraşlar Xanlar Əhmədov, Əşrəf Heybətov, Zakir
Əhmədov, Cəlil Qaryağdı, Nəriman Tağıyev, Yusif Mirzə, Elnarə Xanlarova, İslam
Abdullayevin şəxsi kolleksiyasında, Rahib Qarayev, Cavid Bayramlı və Nazim
Məmmədovun isə muzeyin fondlarında qorunub saxlanılan, uzun illərdən bəri erməni
millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin
unudulmaz Xocalı səhifəsinə bədii münasibətlərini özündə əks etdirən müxtəlif təsviri və
tətbiqi sənət nümunələri nümayiş olunub. Həmçinin, tədbir zamanı rəssam Yusif
Mirzənin muzeyə hədiyyə etdiyi “Xocalı ruhları” və “Müharibə siluetləri silsiləsindən”
adlı rəsm əsərlərinin də təqdimatı olub.