“AzerGold” QSC “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göygöl rayonunun inzibati
ərazisində yerləşən “Tülallar” qızıl yatağında hasilat işlərinə başlayıb.
Qızıl yatağında süxurların ilk dəfə partladılması prosesi Səhmdar Cəmiyyət üçün
ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində - Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin
təsis olunmasının 8-ci ildönümündə baş tutub.
Qeyd edək ki, “Tülallar” qızıl yatağı SSRİ dövründə kəşf edilmiş, lakin geniş
tədqiq edilməmiş, 2017-ci ildən QSC-nin geoloqları tərəfindən geniş tədqiq edilərək,
2022-ci ildə beynəlxalq nüfuzlu məsləhətçi “Micon International Co Limited” şirkəti
tərəfindən ilkin mərhələdə yerin təkində 298 min unsiya qızıl, çıxarılabilən həcm olaraq
isə 85 min unsiya qızıl ehtiyatı hesablanıb təsdiqlənərək, dövlət balansına alınıb. Hazırda
istismar müddəti 3 il nəzərdə tutulan qızıl yatağında hasilat işləri ilə paralel ehtiyatların
artırılaraq, istismar müddətinin uzadılması üçün mədənin yaxın və uzaq cinahlarında,
Göygöl-Daşkəsən inzibati rayonlarının ərazisinə təsadüf edən sahələrdə intensiv geoloji
axtarış-qiymətləndirmə, ilkin geoloji-kəşfiyyat işləri davam etdirilir və artıq bir sıra
minerallaşma zonaları aşkar edilib. Perspektivli minerallaşma sahələrinin 2023-cü il
ərzində maqnit və elektrik geofiziki tədqiqat üsulları ilə öyrənilməsi həyata
keçiriləcəkdir. Bununla “Tülallar” yatağının çıxarılabilən ehtiyatlarının və istismar
müddətinin ən azı 3 ildən 4 il 2 aya qədər artırılması əsas gözləntilər sırasındadır.
Ümumilikdə, mədənin istismara verilməsi bölgədə yeni iş yerlərinin yaradılması ilə
məşğulluğun artırılması və beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişafına,
Daşkəsən və Göygöl rayonlarının əhalisinin rifah halının daha da yaxşılaşdırılmasına
müsbət təsirlərini göstərəcəkdir.
Xatırladaq ki, “Tülallar” hasilat sahələrinin genişləndirilməsi, respublikanın malik
olduğu zəngin mineral-xammal potensialının dayanıqlı inkişafa çevrilməsi, ölkənin
sosial-iqtisadi inkişafına töhfələrin verilməsini qarşıya məqsəd qoyan “AzerGold” QSC-
nin istismara verdiyi sayca 4-cü qızıl yatağıdır. Səhmdar Cəmiyyətin Daşkəsən
rayonunda mövcud olan maddi-texniki bazasından mərkəzləşdirilmiş qaydada istifadə
edilməsi, yataqların iqtisadi səmərəliliyinin təmin edilməsi üçün daha öncə istismara
verilən “Çovdar”, “Ağyoxuş-1” və “Mərəh” qızıl yataqları ilə yanaşı, “Tülallar” qızıl
yatağının resurslarının istehsalı prosesi də Çovdar İnteqrəolunmuş Regional Emal
Sahəsində (ÇİRES), inşası cari il ərzində yekunlaşdırılacaq CIL (Carbon in Leach)
zavodunda çən aşındırma metodu ilə həyata keçiriləcəkdir. Sözügedən yatağın ÇİRES-in
əsas komponenti olduğunu nəzərə alaraq, görülən işlər ümumilikdə regional emal
sahəsinin istismar dövrünün də artırılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun sosial-
iqtisadi tərəqqisinin davamlılığının təmin olunmasına əlavə töhfə verəcəkdir.