“AzerGold” QSC-də 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2022-ci ilin yekunları və
qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir
İbrahimov ötən ilin ölkəmiz üçün bütün sahələrdə uğurlu nəticələrlə yadda qaldığını qeyd
edib. Bildirilib ki, möhtərəm cənab Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət
sayəsində qarşıya qoyulan bütün vəzifələr layiqincə yerinə yetirilib.
Ötən illərdə əldə edilmiş müsbət iqtisadi dinamikanın 2022-ci ildə də qorunub
saxlanıldığını, qeyri-neft-qaz sektoru üzrə ixracatın 2021-ci il ilə müqayisədə 12.4%
artdığını qeyd edən Z.İbrahimov bu xüsusda QSC-nin ötən il qeyri-neft ixracatçıları
sırasında ön pillələrdə qərarlaşdığını diqqətə çatdırıb. İdarə Heyətinin sədri hesabat
dövründə digər istiqamətlər, o cümlədən, geoloji kəşfiyyat, hasilat, istehsalat üzrə də
müsbət nəticələrin əldə edildiyini qeyd edib. O, bununla cənab Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin dayanıqlı iqtisadi inkişafı, xüsusilə ümumi daxili məhsul istehsalı
və dağ-mədən sektorunun payının artırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin icrasına
“AzerGold” QSC-nin də öz töhfəsini verdiyini bildirib.
Qeyd olunub ki, QSC tərəfindən aktiv hasilat və istehsalat fəaliyyəti həyata
keçirilən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 2022-ci il ərzində
istehsalat xəttində həyata keçirilən optimizasiya işləri ilə əlaqədar hasilat və ixracatda
planlı azalmalar müşahidə edilsə də, gözlənildiyi kimi hesabat ilinin yekunlarının müsbət
göstəricilərlə tamamlanmasına nail olunub. Belə ki, ÇİRES-də istehsalatın
sürətləndirilməsi və filizlərin tələb olunan ölçülərdə xırdalanmasını təmin edən qırıcı
sahəsinin məhsuldarlığı artırılaraq, sahənin illik istehsal gücü artırılıb. Nəticədə, ötən il
hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüş olmaqla, qızıl hasilatı
plandan 2%, gümüş hasilatı isə 83% daha artıq icra edilib. Eyni zamanda, qarşıdakı illər
ərzində hasilat və istehsalat göstəricilərinin daha da yaxşılaşdırılması üçün şərait
yaradılıb.
2022-ci ilin satış əməliyyatlarına gəlincə, İdarə Heyətinin sədri bildirib ki, qızıl və
gümüşün həm beynəlxalq bazarda, həm də daxili bazarda satış həcmlərində də müsbət
dinamika müşahidə edilib. Qiymətlilərin ümumi satış göstəriciləri 2022-ci ildə 63.3 min
unsiya qızıl və 207.7 min unsiya gümüş olub. Bununla 2021-ci illə müqayisədə qızıl və
gümüşün satış həcmlərində artıma nail olunub.
Z.İbrahimov ÇİRES-də istehsalat prosesinin davamlılığının təmin edilməsi
məqsədilə intensiv geoloji kəşfiyyat işlərinin aparıldığını bildirib. O, Daşkəsən və
Balakən rayonlarında, o cümlədən Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının
inzibati ərazisində yerləşən sahələrdə aparılmış kəşfiyyat işləri və onun ilkin nəticələrinə
dair ətraflı məlumat verib. İdarə Heyətinin sədri “AzerGold” QSC-nin geoloqları
tərəfindən regionda kəşf edilmiş “Ağyoxuş” qızıl yataqlar qrupu və “Mərəh” qızıl yatağı,
eləcə də SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, QSC-nin fəaliyyəti
nəticəsində ehtiyatları təsdiqlənərək, dövlət balansına alınmış “Tülallar” qızıl yatağı
hesabına ÇİRES-in satılabilən qızıl həcminin 179 min unsiya qızıldan 735 min unsiya
qızıla çatdırılaraq, 4 dəfə artırılmasına nail olunduğunu qeyd edib.
İdarə Heyətinin sədri “AzerGold”un hazırda ən böyük istehsalat layihəsi olan
ÇİRES-də sulfid, yuxarı dərəcəli oksid və tranzit filizlərinin çən aşındırma (“Carbon in
Leach” – CIL) üsulu ilə emalının təşkili məqsədilə müvafiq infrastrukturun yaradılması
işlərinin sürətlə davam etdirildiyini qeyd edib.
Z.İbrahimov ötən ilin ən mühüm hadisələrindən biri olaraq cənab Prezident
tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edildiyini, 2022-2024-cü illəri əhatə edən
Dövlət Proqramında QSC-nin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi,
təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqların qoyulduğunu qeyd
edib.
“AzerGold” QSC-nin fəaliyyətə başladığı dövrdən Qarabağ və Şərqi Zəngəzurda
qanunsuz istismar faktlarının araşdırılmasına xüsusi diqqət ayırdığını deyən Z.İbrahimov
Ermənistan və bəzi Avropa şirkətlərinin əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə
QSC-nin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətini davam etdirdiyini bildirib.
Rusiya sülhməramlılarının müvəqəti nəzarətində olan və faydalı qazıntı yataqlarının
qanunsuz istismarının aparıldığı yataqlarda araşdırma, əmlakın inventarizasiyası və
ekoloji monitorinqin aparılması məqsədilə ötən ilin dekabr ayında Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və
“AzerGold” QSC-nin mütəxəssislərindən ibarət monitorinq qrupunun əraziyə səfərinə
süni maneə yaradıldığını xatırladan İdarə Heyətinin sədri mütəxəssislərin qanuni
fəaliyyətinə imkan yaradılmamasının narahatlıq doğurduğunu bildirib. O, ekofəalların
Laçın-Xankəndi yolunda 2 aya yaxındır ki, davam edən etiraz aksiyaları ilə yüksək
əzmkarlıq, əsl vətəndaş mövqeyi nümayiş etdirdiklərini də diqqətə çatdırıb. Vurğulanıb
ki, “AzerGold” QSC bundan sonrakı mərhələlərdə də dövlət tərəfindən bu istiqamətdə
aparılacaq vahid siyasətə bütün resursları vasitəsilə dəstək verəcək, öhdəsinə düşən
vəzifələri yerinə yetirəcək.
Müşavirədə QSC-nin geoloji kəşfiyyat qrupu tərəfindən 2022-ci ilin iyun ayından
etibarən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən “Tutxun” nəcib metal
təzahürləri sahəsində aparılan mərhələli axtarışlar barədə ətraflı məlumat verilib. Qeyd
edilib ki, geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi
sursatlardan təmizlənmiş sahələrində yerüstü aktiv axtarış-kəşfiyat işlərinin birinci
mərhələsi icra edilib və sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış
metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinindən istifadə
edilməsinə baxmayaraq axtarış-kəşfiyyat işlərinin sürəti ölkənin başqa bölgələrindəki
aparılan eyni işlərin sürətindən daha aşağıdır.
Müşavirədə, həmçinin böyük investisiya tələb edən, kifayət qədər mürəkkəb
olmaqla yanaşı, həm də böyük iqtisadi töhfələr vəd edən Daşkəsən dəmir filizi
yataqlarının istismarı layihəsi barədə də danışılıb. Bildirilib ki, ötən il “AzerGold” QSC-
nin törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti
tərəfindən Daşkəsən dəmir filizi yataqlarının rezervi beynəlxalq standartlara uyğun ciddi
artırılıb. Sahədə filiz kütləsinə çatmaq üçün planlı şəkildə torpaq səthində üstaçma işləri
aparılır.
Qeyd edilib ki, hasil edilən dəmir filizinin istehsalının təşkili – konsentrat, daha
sonra pellet və DRİ (direct reduce iron - birbaşa reduksiya dəmir) xammalın
hazırlanması üçün 2025-ilin sonunadək müvafiq istehsalat infrastrukturunun qurulması
məqsədilə işlər davam etdirilir. Həmçinin dövlət büdcəsindən asılılıq yükünü azaltmaq
üçün xarici investorun cəlb edilməsi nəzərdə tutulub. Z.İbrahimov hazırda təcrübəli
tərəfdaş şirkətin cəlbi ilə bağlı danışıqlar prosesinin yekun mərhələdə olduğunu diqqətə
çatdırıb. Qeyd edilib ki, dəmir filizi yataqların istismara verilməsi ilə metallurgiya
sənayesinin idxaldan asılılığının azaldılması, 2035-ci ilədək ÜDM-ə ~3 milyard 970
milyon ABŞ dolları, (təqribən 6 milyard manat) həcmində töhfə veriləcəyi və ~290
milyon ABŞ dolları (~493 milyon manat) həcmində vergilərin ödəniləcəyi
proqnozlaşdırılır. Layihənin icrası müddətində birbaşa və dolayı effekti nəzərə alaraq,
illik yüzlərlə daimi iş yerinin açılması ilə regionun məşğulluq göstəricisinə ciddi töhfə
verilməsi planlaşdırılır.
İdarə Heyətinin sədri dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilmiş
törəmə cəmiyyət – “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sənaye
əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodun qurulması layihəsinin icrası
istiqamətində işlərin sürətlə davam etdirildiyini qeyd edib. O, istehsal gücü 31 min ton
sənaye partlayıcısı olan zavod üzrə Gəncə şəhərində cari ildə tikinti işlərinin başlanılması
və yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.
Daha sonra Geoloji kəşfiyyat, İctimaiyyətlə əlaqələr və marketinq, Təmir-tikinti
və energetika şöbələri, eləcə də Torpaq işləri və yerin təkindən istifadə sektoru tərəfindən
görülmüş işlərə dair məruzələr dinlənilib.
Z.İbrahimov müşavirənin sonunda yeni yataqların istismarına hazırlıq çərçivəsində
görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması məqsədilə geoloji kəşfiyyat
işlərinin daha da intensivləşdirilməsi, bütün fəaliyyət istiqamətləri üzrə artım
dinamikasının qorunub saxlanılmasına dair tapşırıq və tövsiyyələrini verib.