Həkim-psixoterapevt Lətifə Cavadlı: "Xəyanət ailə fərdləri arasında yaşanan münasibət problemidir"
Xəyanət nədir? Nə üçün xəyanət edilir?
Xəyanət ailənin təməlini sarsıdaraq boşanma ilə nəticələnən bilən bir vəziyyətdir. Aldatmağa gedən ən əhəmiyyətli və ilk addım bəzi anlaşılmazlıqların və problemlərin ardından həyat yoldaşını xoş olmayacaq şəkildə qınamaq, xəyali və ya həqiqi alternativlərlə qarşılaşdırmaqdır. "Başqa birisi ilə daha xoşbəxt olardım", "Daha yaxşılarına layiqəm" kimi düşüncələr, bəzən fərqində olmadan bir virus kimi həmin şəxsin ağlına girməyə başlayır. Bəzən alçaltmalar, müqayisələr və tənqidlər münasibətdə soyuqluq yaradır. Dərin yaralar meydana çıxır. Münasibətin xeyrinə olan düşüncələr azaldıqca, bunun əksi olan düşüncələr artır. Evlilikdə olmayan şeylər, başqa münasibətlərdə axtarılmağa başlanır. Bəzən, xəyanət tərəflər arasına bir pərdə çəkir, hər keçən gün tərəflər arasında sirrlər, yalanlar artır. Bu müddət ərzində doğru müdaxilələr edilməzsə, aktiv aldatma halları başlayır, sərhədlər aşılır, evliliyə tərs olaraq başqa birisi ilə münasibət yaşana bilir.
Bəzi hallarda aldatmaq xəyanətə uğrayan tərəfin günahı kimi görülür. Aldatma, bəzən həqiqətən münasibətlərdə yaranan soyuqluqdan yaranır, lakin bu sədaqətsizliyin meydana çıxması üçün səbəb deyil. Bəli, əslində aldadılan şəxslər niyə xəyanətə uğradığını və niyə aldadıldığının səbəblərini düşünə bilərlər. Amma, bu çox hallarda bir tərəfli akt deyil. Bəzi hallarda öz istəyi ilə ailə həyatı qurulmadığı zaman, yoldaşına öz istədiyi rolları geydirməyə çalışaraq xəyal qırıqlığına uğrandığı zaman, yetkinləşmədikdə və ailənin mahiyyətini dərk etmədikdə, sevgi və ehtiras tükəndikdə xəyanət ortaya çıxır. Bəzi hallarda isə xəyanət edən tərəfin bağlanma problemləri və s. ola bilər.
Xəyanət münasibətlərdə yaşanan problem və qarmaqarışıqlıqdan bir qaçış kimi də ortaya çıxa bilər. Aldatmaya "zəifliyimə düşdü etdim", "münasibətdə etinasızlıqla qarşılandım etdim" və ya "mən kişiyəm mənə olar" kimi bəhanələr gətirilə bilər, lakin bu vəziyyət qarşı tərəfin güvənini sarsıdır və hər zaman çox acıdır.
Bəzi hallarda isə xəyanətin uşaqlıq travmaları ilə də əlaqəli olduğunu müşahidə edə bilirik.
Bəs xəyanəti aşkar etdikdə nə etməli?
İlk olaraq, hər iki tərəf bu hal ilə baş-başa qalmalı və yaşadıqları sıxıntıların səbəblərini özlərində tapmağa çalışmalıdırlar. Bu zaman xəyanətə uğrayan, bir sıra duyğularla üzləşir, qarşı tərəfə qəzəb, iyrənmə, xəyal qırıqlığı hiss edə bilir, öz içində isə aldadılmış, dəyərsizləşdirilmiş hiss edə, günahkarlıq, yetərsizlik kimi duyğulardan dolayı güvəni tamamilə sarsıla bilər. Lakin, bu duyğuların yaşandığı zamanda həyat yoldaşına ikinci şansın verilməsi ehtimalı göz ardı olunmamalıdır. Bəzən ailə terapiyası alınarsa və ya ailə böyüklərinin, ailə dostlarının dəstəyi ilə iki tərəf münasibətilərinə ikinci şans verə bilər. Lakin, bu müddət bir uşağın yeriməyə başlamasına bənzəyəcək, yıxılıb qalxaraq yenidən bir-birinə güvənməyi öyrənəcəklər.
Bunu heç bir zaman unutmamalıyıq ki, yanımızda olan həyət yoldaşı adlandırdığımız şəxslər bizi olduğumuz kimi qəbul edib, bizimlə hər acıya dözüblərsə, onlara qarşı atılan doğru olmayan bu addımı onları başa düşərək, onların dəyərini anlayaraq ürəklərini yenidən fəth etməliyik.
Niyə xəyanət gizli davam edir?
Bunun bir çox səbəbi var. Maddi və sosial statusuna görə yoldaşından ayrıla bilmədiyi halda, münasibət sevgi bitsə belə uşaqlara görə davam etdirildiyi halda və ya xəyanət etdiyi şəxslə ciddi münasibət yaşadığına inanmadığı halda da ola bilər. Belə ki, Azərbaycan reallığında xəyanət edənlər, öz həyat yoldaşlarına başqa rolu, lakin həyat yoldaşlarına xəyanət etdikləri digər qadınlara isə, tamamilə başqa rolu geydirə bilirlər. Yəni ki, həyat yoldaşını sadəcə rəsmi xanımı, uşaqlarının anası kimi qiymətləndirir, birlikdə olduqları digər qadınları isə sadəcə məşuqə kimi, cinsi tələbatını ödəmək üçün bir vasitə olaraq qiymətləndirir.
Xəyanətdən uşaqlar nə kimi travmalar alır?
Necə ki xəyanətə uğrayan tərəf qarşı cinsə güvənini itirirsə və yenidən güvənməkdə çətinlik çəkirsə, uşaqların da inam duyğusu zədələnir. Valideynlər yaşanan vəziyyəti uşaqlarına düzgün şəkildə çatdırmalıdır. Övladlar heç bir zaman valideynin dərd ortağı olmamalıdır və bu kimi məsələlər uşaqların yanında müzakirə edilməməlidir. Əks halda ailənin kiçik üzvlərində travmalara yol aça bilər.
Xəyanət ailədə nələrə səbəb olur?
Təbii olaraq, aldatma ailədə güvəni zədələyir. Bitirildiyinə, bir daha olmayacağına söz verilsə belə, artıq o bağ bir dəfə yerindən oynadılıb və onu möhkəmlətmək çətin olacaqdır. Aldadılan şəxsdə güvənsizliyin ortaya çıxardığı qısqanclıqlara da rast gəlinə bilər. Və bu da yoldaşını nə etməli olduğunu bilməyərək çaşqın bir vəziyyətə salır. Ən gözəl yol hər zaman keyfiyyətli ünsiyyətdən keçir. Burada ünsiyyət dedikdə yalnız problemlərin danışılaraq həll edilməsi deyil, həmçinin, səmimi paylaşımlar da nəzərdə tutulur. Eyni zamanda üçüncü şəxslərin yersiz müdaxilələrindən çəkinilməlidir. Onların rolu, yenidən ailədə güvənin formalaşdırdığı bağın yaradılması olmalıdır. Güvəndiyin, həyatını paylaşdığın, böyük sevgi duyduğun şəxs tərəfindən aldadılmaq yalnız o insana deyil, bütün həyata güvən hissimizi alt-üst edir. Bu travmalara və depressiyaya səbəb olur. Bu zaman terapiya almaq istəyən fərdlər "fərdi terapiyamı alınmalıdır yoxsa cütlük terapiyasımı" deyə çaşqınlıq yaşaya bilərlər. Xəyanət ailə fərdləri arasında yaşanan münasibət problemidir. Ona görə də biz belə hallarda ailə terapiyasını məsləhət görürük. Lakin, əgər tərəflərdən birində davranış pozuntusu və stressə səbəb olan bir vəziyyət yaşanırsa, fərdi terapiya daha uyğun ola bilər.
Əlaqə nömrəsi: (055) 769 37 99