“Uğurun başlanğıcı - yeniyetmə və gənclərdə təməl bacarıqların formalaşdırılması” layihəsi başa çatıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "İnnovasiyaya Doğru" Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Uğurun başlanğıcı - yeniyetmə və gənclərdə təməl bacarıqların (soft skills) formalaşdırılması” layihəsi başa çatıb.
Təşkilatın sədri Rəşad Cəfərov layihə haqqında bunları qeyd edib: ““Soft skills” əmək bazarında hər bir mütəxəssis üçün vacibdir. Belə bir deyim var - peşə bacarıqlarının olması mütləqdir, yumşaq bacarıqlar isə sizi hamıdan fərqli edir. Odur ki, biz də gənclərin özlərini inkişaf etdirmələri, fərqli olmaları üçün bu layihənin ideyasını irəli sürmüşdük. Təlimlərimiz video formatda hazırlanaraq EDUAZ Təlim İdarəetmə Proqramı vasitəsilə gənclərə əlçatanlığı təmin edildi. Bu platforma ilə sıx əməkdaşlığımız, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı bizim üçün daha böyük coqrafiyanı daha qısa zaman ərzində əhatə etməyə şərait yaratdı. Platforma həmçinin imkan yaradır ki, iştirakçı özünə uyğun vaxtda platformaya daxil olaraq təlimləri izləsin. Təlimləri izləyən bütün gənclərə elektron sertifikat təqdim olundu. Bu platformada dərslər təlimçilər tərəfindən layihə başa çatdıqdan sonra da daim yenilənəcək və iştirakçılar üçün ömür boyu əlçatan olacaq. Həmçinin qeyd edək ki, layihənin davamlılığı olaraq bundan sonra da gənclər üçün videotəlimlərin əlçatanlığı təmin ediləcək.”
Qeyd edək ki, layihənin məqsədini “Gənclərin “Soft skills” bacarıqlarını inkişaf etdirmələrinə dəstək olmaq”, ““Soft skills” bacarıqlarını əhatə edən videodərslər hazırlamaq”, “Videodərslərin yeniyetmə və gənclər üçün əlçatanlığını təmin etmək”, “Layihənin davamlılığı müddətində on minlərlə gəncin layihədən yararlana bilməsi imkanının yaradılması”, “Qısa zamanda daha böyük coğrafiya və auditoriyanı əhatə etmək” kimi istiqamətlər təşkil edib.