“Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı olub

Noyabrın 3-də Nizami Kino Mərkəzində “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə ərsəyə gətirilmiş, Vətən müharibəsi şəhidi
Muxtar Qasımlıya həsr olunan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin
təqdimat mərasimi keçirilib.
Dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, müharibə
iştirakçıları, şəhid anaları və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi
tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsində şəhid Muxtar Qasımlının valideynləri – atası,
filmin prodüseri Əli Qasımov və anası, filmin bədii rəhbəri Almaz Qasımova, Milli
Məclisin sədrinin müavini Adil Əliyev, Gənclər və idman naziri Fərid Qayıbov və
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər.
Bildirilib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli
Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbəsi ilə nəticələnən 44 günlük
Vətən müharibəsi hərb tariximizə qızıl hərflərlə yazılıb. Məhz cənab Prezidentin
qətiyyəti, yüksək sərkərdəlik məharəti və qəhrəman vətən övladlarının mübarizliyi,
fədakarlığı sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyulub. Qeyd olunub
ki, Qarabağda tarix yazan həmin qəhrəmanlarımızdan biri də Füzuli rayonu
uğrunda gedən ağır döyüş əməliyyatlarında öz şücaəti ilə fərqlənmiş şəhid Muxtar
Qasımlıdır. Müharibəyə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti
kimi qatılan Muxtarın döyüş yolu düşmənin müdafiə səddinin yarıldığı Füzulidə
başlayıb və rayonun Alxanlı kəndində sona çatıb. 2 oktyabr 2020-ci il tarixində
Silahlı Qüvvələrimizin baş leytenantı Muxtar Qasımlı qəhrəmancasına döyüşərək
şəhidlik zirvəsinə ucalıb. Vurğulanıb ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü
uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Muxtarın da ömür yolu
gənclərimiz üçün örnəkdir. Bu mənada Muxtarın qəhrəmanlıq hekayəsindən bəhs
edən “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi şəhidimizi ictimaiyyətə daha
yaxından tanıtmaq, yeni nəslin Muxtar kimi mərd, cəsur, yüksək vətənpərvərlik
ruhunda tərbiyə olunmasına töhfə vermək məqsədi daşıyır.
Çıxışlardan sonra rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan
“Qəhrəman Muxtar Qasımlı” sənədli filmi nümayiş olunub. Ekran işində şəhid
Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun
uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin
süjet xəttini təşkil edib.
Xatırladaq ki, “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar
Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş
tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən
uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, tamaşaçıların böyük marağı ilə qarşılanan “Qəhrəman Muxtar
Qasımlı” sənədli filminin rəsmi treyleri ilə linkə keçid edərərək tanış ola bilərsiniz
(https://youtu.be/NHIXvFgcEUI).