YAP Gəncə şəhər təşkilatında partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilib - FOTO
29 il əvvəl adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Çox fərəhli haldır ki, biz bu böyük əlamətdar hadisəni xoş ovqatla qeyd edirik. Ən azından ona görə ki, ölkəmiz real olaraq parçalanmaq təhlükəsindən xilas oldu, bu illər ərzində Azərbaycan yalnız və yalnız inkişafa, uğurlara, böyük zəfərə imza atdı. Müasir Azərbaycanın dünyada söz və nüfuz sahibi bir dövlət kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi, uzaqgörən siyasi fəaliyyətinin bəhrəsidir.
Bu sözləri YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim edilməsi ilə əlaqədar keçirilən tədbirdə səsləndirib.
Qalib Azərbaycanın tarixinin Ulu Öndər Heydər Əliyev zirvəsindən geniş bəhs edən Nurəddin İbrahimov bildirib ki, artiq 2 ildir ki, Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndər Heydər Əliyevin arzuları artıq reallığa çevrilib.
Nurəddin İbrahimov bu fikri də vurğulayıb ki, vətəndaşlarımızın, xüsusi ilə gənclərimizin cəmiyyətimizin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarına böyük həvəslə qoşulması, onların yüksək siyasi yetkinliyindən xəbər verir. İnanırıq ki, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan üzvlər də partiyanın həyatında fəal iştirak edəcək, ictimai fəallıqla yanaşı yüksək bilik və peşə ixtisas hazırlığı nümayiş etdirəcəklər.
YAP Gəncə şəhər təşkilatının əməkdaşları Orxan Əhmədov, Cabir Məmmədov, Kamran Abbasov çıxış edərək, partiya sıralarına yeni qəbul olunanları təbrik edib, Ümummilli Lider Heydər Əliyevin tövsiyə etdiyi kimi, ölkəmizin bu günü, gələcəyi naminə onların təşəbbüskarlıq, əzmkarlıq göstərməsinin, daha səmərəli, uğurlu layihələr həyata keçirərək doğma Vətənimizin, şəhərimizin inkişaf və tərəqqisinə layiqli töhfələr verməsinin vacibliyini vurğulayıblar. Bildiriblər ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.
Yeni Azərbaycan Partiyasının üzvü olduqlarından qürur hissi keçirdiklərini dilə gətirən partiya sıralarına yeni qəbul olunanlar qeyd ediblər ki, YAP sıralarına qoşulmaqla, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib, ölkəmizin sürətli inkişafının önündə olmağı özlərinə borc bilirlər.
Sonda YAP sıralarına yeni qəbul olunanlara partiya vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.