DİM-dən etirazçı abituriyentlərə CAVAB: Sabah canlı yayım olacaq
Aprelin 1-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunan 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələri narazılıq doğurub. Belə ki, imtahan nəticələri ilə bağlı yaradılmış Apellyasiya komissiyasına 5906 abituriyent ərizə yazıb. Orta məktəbin 11-ci sinfini bu il bitirən həmin şagirdlər imtahan cavablarının düzgün yoxlanılmadığını iddia ediblər.
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə açıqlamasında bildirib ki, yoxlama prosesi ilə bağlı sabah DİM-in Facebook səhifəsində canlı yayım olacaq və orada bu məsələyə də toxunulacaq:
“Apellyasiya komissiyası məhz iddiaların araşdırılması üçün yaradılıb. Ayın 11-dən fəaliyyətə başlayacaq və işini tam yekunlaşdırdıqdan sonra həmişəki kimi nəticələr barədə məlumat veriləcək”.