Untmayaq ki, qələbəni şəhidlərimizin qanı-canı bahasına əldə etdik
Ötən ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində təqribən 3 minə yaxın şəhidimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah hər bir şəhidimizin valideynlərinə, yaxınlarına, bütün əzizlərinə səbr versin! Bəli, biz bu gün də şəhidlərimizin ruhu qarşısında baş əyirik və dərk edirik ki, onların qanları yerdə qalmadı. Faktdır ki, biz düşməndən Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların qanını aldıq, intiqamımızı aldıq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə də bütün şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə əbədi yaşayacaq.
Məlumdur ki, müharibələr itkisiz olmur və bizim apardığımız müharibə azadlıq müharibəsi idi, ədalətli müharibə idi, ona görə də haqq-ədalət bizim tərəfimizdə idi. Ermənistan isə işğalçılıq müharibəsi aparırdı.Biz 44 gün ərzində ədaləti bərpa etdik, otuz il ərzində yağı düşmən tapdağı altında qalan dədə-baba torpaqlarımızı geri qaytardıq və dövlətimizin, xalqımızın gücünü hər kəsə göstərə bildik. Vətən müharibəsindən sonra bölgədə yeni bir reallıq yarandı və biz həmin reallığı şəhidlərimizin, qazilərimizin, müharibədə iştirak edən hər bir qəhrəmanımızın, arxa cəbhədə olanların rəşadətləri sayəsində əldə etdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, onların əsrlərboyu yaratdıqları miflər tamamilə altüst olundu. Bəli, biz göstərdik ki, müzəffər xalq, döyüşkən xalq erməni xalqı deyil, Azərbaycan xalqıdır. Fakt o oldu ki, düşmən tərəfi qarşımızda diz çökdü, məğlub olduqlarını açıq-aşkar şəkildə etiraf etdilər, bəlkə də onlar belə bir rəzil vəziyyətə heç vaxt düşməmişdilər. Biz bunu etdik, bu xalqımızın tarixi qələbəsi, tarixi nailiyyəti oldu. Bir daha qeyd edək ki, biz bu qələbəni şəhidlərimizin qanı-canı hesabına qazana bildik. Odur ki, şəhidlərimizin ölməz ruhu bizim qəlbimizdə əbədi yaşayır, bundan sonra da yaşayacaq. Onlar əbədiyyətə qovuşdular və öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi həkk etdirdilər.
Bu gün cənab Prezidentin şəxsi nəzarəti altında şəhid ailələrinə böyük qayğı ilə yanaşılır, onların hər bir ehtiyacları, problemləri yerindəcə həllini tapır. Xalqımız bütün bunları görür və onu da bilir ki, şəhid ailələrinin hər biri ölkə rəhbərinin himayəsindədir. Bütün bunlar çox gözəl və qəşəng olsa da, gözəl və qəşəng olmayan isə dostluğumda olan Facebook istifadəçilərindən bəzilərinin, ilk dərs günü müəyyən addımlarını atmaları oldu. Yəni, dostluğumda olanlardan bir çoxları 1-ci sinifə gedən övladları, nəvələri və digər yaxınları ilə şəkillər çəkib paylaşdılar. O halda həmin şəxslər fikirləşmədilər, əslində fikirləşməliydilər ki, bu cür addımlar şəhid övladlarında qıcıq yaradar, onların yaralı qəlblərinə yeni bir dərd verər. Çünki, bəlkə də şəhid övladları həmin şəkillərə baxdıqca “Kaş ki, mənim atam da sağ olaydı, mənimlə şəkil çəkdirib paylaşaydı, mənə məktəb paltarı və s. alıb ilk dərs günü məni məktəbə yola salaydı” deyə fikirləşdilər. Yaxşı olmazdımı ki, atacağımız addımları daha çox reklam etməyək, Facebookda paylaşmayaq, bir az özümüzə qapanaq. Axı, bu gün də 3 minə yaxın şəhidimizin ruhu başımızın üstündədir, onların övladlarının axan göz yaşları hələ də tam qurumayıb. Unutmayaq ki, bu cür paylaşımlar Facebookda çıxaldıqca, şəhid övladlarının iztirabları daha da artır. Ona görə də hamılıqla razılaşaq və belə bir işlərdə diqqətli olmağa çalışaq.