MDU-nun əməkdaşları Ramazan bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər
Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı 44 günlük Vətən müharibəsində şəhid olmuş universitet məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, Aprel döyüşləri şəhidləri mingəçevirli Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini Ramazan bayramı münasibətilə ziyarət ediblər. Universitet kollektivinin üzvləri, həmçinin hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun ailəsinə baş çəkiblər.
Bu barədə AZƏRTAC-a Mingəçevir Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, ailə üzvləri ilə görüşlərdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitet əməkdaşları qəhrəman şəhidlərimizin tarixi Zəfərin qazanılmasında mühüm payı olduqlarını qeyd edib və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiram hisslərini bildiriblər.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim olunub.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliği, şəhid ailələrinin ziyarət edilməsi diqqət mərkəzində saxlanılır.