“Şahin” hərbi-idman oyununun final mərhələsində Naxçıvanı “Ordubad” komandası təmsil edəcək
Naxçıvanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyi başa çatıb.
Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarış Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahiddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilib.
Açılış mərasimində Dövlət Himnimiz səsləndirilib, Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər birinciliyin əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıblar.
Layihənin əsasnaməsinə uyğun olaraq ilk iki turda məktəbdaxili seçim mərhələsi və rayon (şəhər) birinciliklərini uğurla tamamlayan komandalar yarışda iştirak ediblər. Hər birinin heyətində 10 oğlan və 4 qız olmaqla, ümumilikdə, 9 komanda qələbə uğrunda mübarizə aparıb. İştirakçılar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Hər mərhələ münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilib və nəticələr qayda pozuntuları da nəzərə alınmaqla ümumi şəkildə hesablanıb.
Qiymətləndirməyə əsasən, ən yüksək göstərici “Ordubad”a məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Culfa və Şahbuz məktəbliləri yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar. İlk üçlükdəki komandalar və üzvlərinə diplom, kubok, fərqlənən məktəblilərə isə fəxri fərman təqdim edilib.
Qeyd edək ki, məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərilməsi məqsədinə xidmət edən “Şahin” hərbi-idman oyununun final mərhələsi Bakı şəhərində keçiriləcək.