Gəncədə “Şahin” hərbi-idman oyunu üzrə V zona birinciliyi təşkil olunub
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının hərbi hissəsində “Şahin” hərbi-idman oyunu üzrə V zona birinciliyi keçirilib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yarışın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinin komandiri polkovnik Azər Əliyev və Vətən müharibəsi iştirakçısı Tural Xanəliyev çıxış edərək, "Şahin" hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu bildirib, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük rolunu qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.
"Şahin" hərbi-idman oyununun zona mərhələsində Göygöl, Samux, Şəmkir, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər və Oğuz komandaları iştirak ediblər.
Hərbi-idman tədbirində məktəblilərin sıra, mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması və komanda qərargahı çadırının qurulması üzrə bacarıqları yoxlanılıb. Şəmkir komandası 3-cü yerə, Samux komandası 2-ci yerə, Oğuz komandası isə 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, 1-ci və 2-ci yerin sahibləri Respublika birinciliyində iştirak edəcəklər.