"Qızıl Xaç" Azərbaycandakı Ermənistan hərbçilərinə BAŞ ÇƏKDİ
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda Azərbaycan ordusu tərəfindən saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
Məlumata görə, görüş iyunun 7-də baş tutub. O qeyd edib ki, saxlanılan şəxslərlə təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - açıqlamada qeyd olunur.