Bu gün Ümumdünya Vəhşi Təbiət Günüdür
3 mart Ümumdünya Vəhşi Təbiət Gününün bütün dünyada qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini vəhşi heyvan və yabanı bitkilərin mühafizəsinə yönəltməkdir.
WWF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda biomüxtəlifliyin, fauna və flora növlərinin qorunması məqsədilə bir çox uğurlu layihələr həyata keçirilib. Buna misal olaraq IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə həyata keçirdikləri reintroduksiya layihələrini qeyd etmək olar.
“Təkcə ötən il ölkəmizdə ceyranların, bezoar keçilərinin, köfkər, bizon və nəcib maralların reintroduksiyası işləri həyata keçirilib və gələcəkdə də bu cür layihələrin davam etdirilməsi nəzərdə tutulub”.
E.Əsgərov bildirib ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycanda başladığı ilk layihə bəbirlərin mühafizəsinə yönəlib. Həmin müddət ərzində bəbirlərin yaşadığı ərazilərdə dövlət tərəfindən yeni qorunan ərazilər yaradılıb və genişləndirilib. Ölkəmizdə ümumi qorunan bəbir arealı bu illər ərzində ən azı 15 dəfə genişlənib. Bəbirlərin yaşadığı biotoplarda quraşdırdığımız kameraların vasitəsilə Naxçıvanda 9, Talış dağlarında isə 2 balanın doğulub boya-başa çatdığı müşahidə edilib. Nadir görünən heyvanlar artıq ölkəmizdə artaraq qonşu ölkələrə də yayılıb.
“Ötən əsrin ortalarında Azərbaycanda nəsli kəsilmək təhlükəsində olan ceyranların tarixi arealının bərpası üçün uğurlu addımlar atılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində vaxtilə ceyranlar yaşayan ərazilərə 300 başdan artıq ceyran buraxılıb. Onlar artaraq dayanıqlı populyasiyalar əmələ gətiriblər”.
E.Əsgərov onu da qeyd edib ki, daha bir uğurlu layihəmiz isə zubrların reintroduksiyasıdır ki, həmin heyvanlar Şahdağ Milli Parkının İsmayıllı bölməsində təbiətə buraxılıb. Zubrlar qədim dövrlərdə Qafqazda geniş yayılsa da, onların nəsli XX əsrin əvvəlində vəhşi təbiətdə tamamilə kəsilib. Son beş ildə Avropa zooparklarından gətirilən heyvanlar Azərbaycanda 7 bala verib və ümumi sayları 41 başa çatıb.
“Ötən il ölkə başçısının iştirakı ilə Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran buraxılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində quruculuq işləri davam etdikcə və həmin ərazilər minalardan təmizləndikcə bu ərazilərdə reintroduksiya işləri həyata keçiriləcək”.