Nazirlik uşaqlar üçün xüsusi inkişaf cədvəli hazırlayıb
“Uşağın sağlam həyat sürməsi üçün böyümə və inkişafını izləmək çox vacibdir. Uşaqlarda böyümə və inkişafın monitorinqində ən çox istifadə edilən ölçmələr bunlardır: yaşa görə boy; yaşa görə çəki; boy üçün bədən çəkisi; bədən kütləsi indeksi”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov bildirib.
Onun sözlərinə görə, uşaqların böyümə və inkişafını izləmək, mövcud sağlamlıq vəziyyəti, uşağın rasional və balanslı qidalanıb-qidalanmaması kimi bir çox mövzuda göstərici ola bilər.
“Valideynlərə tövsiyəm uşaqları 6-7 aya qədər ayda bir dəfə, sonra isə 2-3 aydan bir rutin müayinəyə aparmaları istiqamətindədir. Yəni bu şəkildə mütəmadi olaraq uşaqların izlənməsi əhəmiyyətlidir”.
E.Rəhimov qeyd edib ki, hər ölkənin milli genofondu, yəni genetikası, yaşama mühitləri fərqlidir:
“Ona görə də ümumən baxdığınız zaman hər ölkədə uşaqların böyümə trendi bir az da olsa bir-birindən fərqlənə bilər. Bu günə qədər Azərbaycanda bizim istifadə etdiyimiz başqa ölkələrin cədvəlləri idi. Məsələn, bir çox dövlət və özəl klinikalarımızda qardaş Türkiyənin tərtib etdiyi cədvəllər istifadə edilirdi. İstifadə olunan cədvəllər 2008-ci ilə aid idi”.
Həkim bildirib ki, bu gün bütün dünyada piylənmə uşaq yaşlarında artıq başlayır:
“Bunları nəzərə aldıqda yeni cədvəlin tərtib edilməsinə ehtiyac var idi və biz öz cədvəlimiz hazır olduğu zaman aradaki fərqi gördük. Aparılan elmi tədqiqat bir neçə ilə qədər davam etdi, hər yaş qrupundan uşaqları seçdik, onların çəki, boy, baş dairəsinə baxdıq və göstəricilər əsasında cədvəllər tərtib etdik. Artıq rahatlıqla ölkəmizə aid cədvəli istifadə edə bilərik. Yəni, cədvəl bizim uşaqlara aid olduğu üçün onların çəkisi, ya da boyu nisbətən az, ya çox olmasını bu cədvəl vasitəsilə müəyyən edə bilərik”.