Onkoloq-mamoloq Leyla Abdullayeva: “Həkimlik ən çətin, ən fədakar və ən şərəfli peşədir”.

Onkoloq-mamoloq Leyla Abdullayeva: “Həkimlik ən çətin, ən fədakar və ən şərəfli peşədir”.

– Leyla xanım, necə oldu ki, həkim oldunuz?

– Mən uşaqlıqdan musiqiyə həvəs göstərmişəm. Fortepianoya da getmişəm. Lakin həkimlik daha ciddi və məsuliyyətli bir iş olduğu üçün məni həmişə cəlb edib. Mən memar ailəsində dünyaya gəldiyim üçün əslində valideynlərim həkim olmağımı istəmirdilər. Lakin mən seçimimi etdim və Tibb Universitetinə daxil oldum.

– Artıq neçə ildir ki, həkim olaraq fəaliyyət göstərirsiniz?

– Artıq on ildir ki, bu sahədəyəm. Amma arada iki il fasilə verdim, işləmədim.

– Bu illər ərzində nə müşahidə etdiniz?

– Mən həm Türkiyədə, həm də Rusiyada təhsil almışam. Hər ölkənin pasientlərinin xəstəliklərə yanaşma tərzi, həkim-xəstə münasibətləri və s. fərqli olur. Bizdə insanlar ən son məqamda həkimə müraciət edirlər. Məsləhət görərdim ki, 40 yaşından sonra ildə ən azı bir dəfə müayinə olunsunlar. Bizim sahə elə sahədir ki, bu sahədə olan xəstəliklər heç bir əlamət vermədən irəliləyib ən ağır formaya çatır. Bu baxımdan, vaxtında proflaktik müayinə şərtdir.

– Ağ xalatsız necə biridir Leyla xanım?

– Mən düşünürəm ki, uşaq vaxtı kim nə ilə oynayırsa, onun talehi də onunla bağlı olur. Mən də uşaqlıqda atamın ağ köynəyini xalat əvəzinə geyinib evcik-evcik oynayırdım. Beləliklə, zaman keçdi və həkim oldum. İnsanlara yardım etdikcə, onların sevincini gördükcə, bu işi daha da sevdim. O ki qaldı necə biri olmağıma, əyləncəli və həyatı sevən biriyəm. Amma zaman-zaman ruh düşkünlüyü yaşadığım məqamlar da olur.

– İş prinsipiniz necədir?

– Hər xəstəlik və hər pasient fərqlidir. Pasient içəri daxil olanda onunla necə danışmaq lazım olduğunu bilmək lazımdır. Xəstə var ki, ona deyəndə sənə heç bir müalicə lazım deyil, sanki narahat olur. İnamsızlıq göstərir. Xəstə də var ki, sənin dediyin adi bir söz, bir təsəlli onu sağaldır.

– Son zamanlarda sizə daha çox hansı xəstəliklərlə bağlı müraciət olunur?

– Daha çox gilə axantıları ilə bağlı müraciətlər olur. Bundan əlavə, süd vəzi kistləri də qadınlar arasında geniş yayılıb. Səbəblər arasında isə hormonal disbalans, artıq çəki, stress faktorlarını göstərmək olar.

– Bir həkim olaraq sizi narahat edən məsələ nədir?

– Mən çox istərdim ki, Bakıda və bölgələrdə yaşayan imkansız xanımlar ödənişsiz, proflaktik müayinələrə cəlb olunsunlar.

– Oxuculara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki,  xanımlar ən azı həftədə bir dəfə öz süd vəzilərini yoxlasınlar. Hansısa bir dəyişiklik gördükdə, dərhal həkimə müraciət etsinlər. Bundan başqa, əgər bir xanımın anası, bacısı, nənəsi və ya xalası süd vəzi xərçəngi keçiribsə, həmin xanımlar da risk qrupuna daxildirlər və digər xanımlara nisbətən daha sıx aralıqda müayinədən keçməlidirlər.

– Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Həkimlik bütün sahələr arasında ən fədakar, ən çətin, ən şərəfli peşədir… Mütləq bu peşəni sevməlisən, başqa cür bu yükü daşımaq mümkün deyil.

Həkimlə əlaqə: (070) 2026919

Onkoloq-mamoloq Leyla Abdullayeva: "Həkimlik ən çətin, ən fədakar və ən şərəfli peşədir".
Onkoloq-mamoloq Leyla Abdullayeva: "Həkimlik ən çətin, ən fədakar və ən şərəfli peşədir".
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*