Hacı Fazil İmanov: “Bizim məscidin şəraiti bütün qəsəbə üçün əlverişlidir”

Hacı Fazil İmanov: “Bizim məscidin şəraiti bütün qəsəbə üçün əlverişlidir”

– Hacı, özünüz barədə məlumat verin, zəhmət olmasa.

– Mən Fazil İmanov 1970-ci ildə Yardımlı rayonunun Ostair kəndində dünyaya gəlmişəm. Orta məktəbi bitirdikdən sonra Almaniyanın Frankfurt şəhərində iki il hərbi xidmət keçmişəm. Oradan qayıdandan sonra mədrəsələrdə oxumuşam. 2005-ci ildə İslam Universitetini bitirmişəm. 2007-ci ildə Qaradağ rayonu, Sahil qəsəbəsində dini icmanın sədri seçilmişəm. 2009-ci ildən etibarən isə burada, “Cümə” məscidində axund olaraq fəaliyyət göstərirəm.

– Biz bilirik ki, siz, eyni zamanda xeyriyyəçiliklə də məşğul olurusunuz…

– Mən bu barədə çox danışsam, reklam kimi çıxar (gülür). Ümumi desək, mən bura təyin edildikdən sonra qəsəbənin gəncləri ilə bir iclas keçirtdim və belə bir işə qol qoymaq istədiyimi bildirdim. Sağ olsunlar, bu işdə iştirak etmək istəyənlər qısa zamanda bir araya gəldi. Biz məscidin həyətində bir nəzir qutusu qoymuşuq. Oradan toplanan pullarla məscidin komunal xərclərini ödəyirik. Digər qutu isə sədəqə qutusudur ki, həmin qutu hər cümə günü açılır və yığılan vəsait növbə ilə dörd-beş imkansız ailəyə verilir. Bundan başqa, qurban kəsmək istəyənlər də öz qurbanlarını zaman-zaman gətirib burada kəsirlər və ehtiyacı olanlara paylayırlar. Fəqirlər Allahın ailəsidir. Onları hər zaman diqqətdə saxlamaq hər birimizin borcudur. Bu xeyriyyəçilik işinin başında camaat durur. Biz vasitəçiyik.

– Hacı, son zamanlar gənclərin dinə olan meyli necədir? Əvvəlk illərə nisbətən məscidə gələnlərin sayında artım varmı?

– Bəli, artım müşahidə olunur. Mən bir neçə il bundan öncə bu məscidə gələndə namazda üç-dörd cərgə ancaq dolurdu. Onların da əksəriyyəti yaşlı adamlar idi. O zamanlar biz cümə namazını həyətdə qılırdıq. Sonradan böyük bir zal və xanımlar üçün ikimərtəbəli namaz otağı da inşa olundu. Şükürlər olsun ki, indi gənclərimiz dinə daha çox maraq göstərirlər. Düzdür, neqativ hallar da var. Amma mən, hər halda, müsbət tərəfdən yanaşıram.

– Siz məscidə axund təyin olunduqdan sonra təbliğat yönümdə hansı işləri gördünüz?

– Mən düşündüm ki, məscidə təkcə namaz qılınan yer kimi baxılsa, ona maraq bir o qədər də olmayacaq. İlk öncə, dərslərə üstünlük verdik. Məscidə gələməyənlər gələnlərə baxıb gördülər ki, onlar özlərini evdəki kimi rahat hiss edirlər. Bu, haradan qaynaqlanır? Mədrəsədən. Onlarda da maraq yarandı. Beləliklə, tələbələrin sayı günbəgün artdı. Bundan başqa, məscidin mərasim zalının fəaliyyətini bərpa etdik. Vaxtaşırı xüsusi otaqlarda çay süfrəsi təşkil edib dini kinolar nümayiş etdirdik. Fəal gənc qızlardan ibarət dini icma da yaratdıq. Şükürlər olsun ki, indi hər şey ürəyimiz istəyən kimidir.

– Daha çox hansı dərslərə üstünlük verirsiniz?

– Daha çox Qurani-Kərim öyrədilir. Amma son zamanlar gənclərin əhkama, fiqhə, əqaidə, tarixə və s. maraq göstərirlər.

– Siz qanvermə aksiyası da keçirdirdiniz. Həmin aksiya bu gün də davam edirmi?

– Bəli, biz təkcə Məhərrəm ayında yox, digər aylarda da qana ehtiyacı olan xəstələr üçün qanvermə aksiyası keçirdirik.

– Bir zamanlar yas mərasimlərində israfçılğın qarşısını almaq məqsədi ilə qanun çıxdı. Sizin qəsəbədə bu baxımdan vəziyyət necədir?

– Biz həmişə israfçılığın əleyhinə olmuşuq. Nəinki yas mərasimlərində, bizim məscidin daxilində verilən ehsanlarda da israfçılıq etməmişik və camaatı da bundan yayındırmağa çalışmışıq. Bizim hörmətli şeyximiz Allahsüşür Paşazadənini gözəl bir fikri var. O deyir ki, Allah Quranda 70 dəfə ehsan et deyir, bir dəfə isə israf etmə, deyir. Ehsan gözəl şeydir. Amma israfçılıq etməmək şərtilə.

– Gələcəkdə qəsəbənin digər yerlərində də məscid inşa olunması nəzərədə tutulubmu?

– Yeni çıxan qanuna görə, əgər bir qəsəbədə bir məscid varsa, ikinci məscidə ehtiyac yoxdur. Mən hesab edirəm, hələ ki, bizim məscidin şəraiti bütün qəsəbə üçün əlverişlidir.

– Son olaraq, bir çağırış olaraq, nə demək istərdiniz?

– Demək istəyirəm ki, uşaqları uaşaq vaxtından maarifləndirmək və onlara dini düzgün və gözəl şəkildə təbliğ etmək lazımdır. Onlara Allah, vətən, valideyn sevgisini aşılamaq mütləqdir. Çünki bizim gələcəyimiz uşaqlardır. Onları sağlam fikirdə, əqidədə böyütsək, gələcəyimiz də etibarlı əllərdə olar.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*