İmamverdi İsmayılovun anti-prezident kursu: MTN işində adı keçən biznes deputatı 3 ili yola verdi…

İmamverdi İsmayılovun anti-prezident kursu: MTN işində adı keçən biznes deputatı 3 ili yola verdi…

Zəngilan-Qubadlı bölgəsinin deputatı İmamverdi İsmayılov parlament fəaliyyətinin 3 ilini kor-kor, gör-gör ki, yola verdi

Cahan.info xəbər verir ki, millət vəkilini daha 2 il gözləyir.

Amma nə parlament rəhbərliyinin, nə seçicilərin ondan daha gözləntisi var. Çünki İ.İsmayılov məcburi köçkünlərin “yanan barmağına su tökən” deputat deyil.

Onun Adil Əliyev, Qənirə Paşayeva, Fəzail Ağamalı, Zahid Oruc kimi həmkarlarından fərqi budur ki, başı biznesdən açılmır. Digər deputatlar ən azı arabir seçicilərlə görüşür, onlara edilən müraciətlərdən bəzilərini həll etməyə çalışır.

İmamverdi İsmayılovun isə üzünü görən olmayıb. AFN.az xəbər verir ki, İ.İsmayılovun adı daha çox deputat fəaliyyətilə deyil, qalmaqallarla gündəmdə olub.

Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir.

Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır.

İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur.

Bu isə heç şübhəsiz deputatın oğlu – Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru, kapitan İlkin İsmayılovun “hünəridir”. Bu, həmin İlkin İsmayılovdur ki, ödən il adı qalmaqallı bir qətl işinə qarışmışdı.

Belə ki, Qubada oteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobil də məhz İsmayılovlara məxsus olduğu deyilən 999 seriyası ilə olub.

Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib.

Həmin hadisə həmçinin İlkin İsmayılovun nömrə alverilə məşğul olması barədə bir sıra söz-söhbətin yayılmasına səbəb oldu.

Cahan.info xəbər verir ki, millət vəkilinin üç illik fəaliyyəti prezidentin tapşırıqlarına, siyasi kursuna daban-dabana fərqlidir. İ.İsmayılov qaçqınlarla görüşməli, prezidentin məcburi köçkünlərə göstərdiyi diqqəti göstərməli olduğu halda, oğlunun vö özünün pullarını saymaqla məşğuldur.

24saat.org yazıb ki, İ.İsmayılov qeyri-rəsmi məclislərin birində “quş” buraxıb. İddialara görə, deputat mandatı öz puluna aldığını və kimsədən asılı olmadığını söyləyibmiş.

Onun bu çıxışı yuxarıların da qulağına çatıb və məsələ böyüyüb. Deputatın nəzərinə çatdırılıb ki, aldığı mandatı bir gecənin içərisində itirə bilər və toxunulmaz olan biznesinə də əl qoyular. Bununla belə, İsmayılov 2020-ci ildə də deputat olacağına əmindir.

Onun adı MTN işində də keçib. Gununsesi.info yazmışdı ki, həbsdə olan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin istintaqı zamanı aparılan araşdırmalarda onun arxasında dayanan şəxslərdən birinin Milli Məclisin üzvü İmamverdi İsmayılov olduğu üzə çıxıb.

“Reket jurnalist”in əlaqələri müəyyən olunarkən hər iki şəxsin davamlı telefon danışıqları üzə çıxıb. Araşdırmalarda həmçinin, İmamverdi İsmayılovun Habil Vəliyev vasitəsilə bəzi məmurlar haqqında informasiyalar da yazdırdığı bəlli olub.

Bir müddət əvvəl isə deputat oğlunun direktoru şagirdlərin önündə döyməsi xəbəri ilə gündəmə gəlmişdi. Yəni, mətbuatda yayılan məlumatlar bunlardır, İ.İsmayılovun 3 illik fəaliyyəti qalmaqallarla əhatələnib.

Buna baxmayaraq, yayılan məlumatlarla bağlı hörmətli İ.İsmayılovun mövqeyini dərc etmək istəsək də, ona zəng çatmadı, fikirlərini işıqlandırmağa hazırıq.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*