“Cənnət bağı” beynəlxalq tekstil sərgisində ölkəmiz də uğurla təmsil olunub

“Cənnət bağı” beynəlxalq tekstil sərgisində ölkəmiz də uğurla təmsil olunub

Azərbaycanlı qobelen sənətçisi Səməni Şahsuvar Qasımova bu yay Avstriyanın Schloss Neuhaus qalasında baş tutan “Cənnət bağı” beynəlxalq tekstil sərgisində ölkəmizi uğurla təmsil edib. Həmin sərgi iyulun 27-dən 31-dək Avstriyanın Haslach şəhərində keçirilən Avropa Tekstil Şəbəkəsinin (ETN) Beynəlxalq konfransının mühüm bir hissəsi olub.

Beynəlxalq səviyyədə böyük maraq göstərilən sərgiyə dünyanın müxtəlif ölkələrindən 451 müraciət daxil olub. Bu baxımından sərgidə Səməni Şahsuvar Qasımovanın münsiflər heyəti tərəfindən seçilən “Nar” qobelen əsərini nümayiş etdirmək üçün dəvət alması qürurvericidir. Sərginin yeri öz mövzusuna uyğun olaraq seçilmiş və Dunay çayına baxan uca təpəlikdə yerləşən tarixi qala bu dünyada cənnətin bir parçasını təmsil edən təbiətin gözəlliyini bütün ziyarətçilərə xatırlatmaqda əhəmiyyətli olub.

Xalqımızın qədim toxuculuq sənətini beynəlxalq tekstil sənətçiləri arasında təmsil etməkdən məmnunluğunu ifadə edən Səməni Şahsuvar Qasımova deyib: “Burada ölkəmizin qədim toxuculuq mədəniyyətinə olan böyük marağı görmək və hiss etmək həqiqətən də çox qürurvericidir. Münsiflər heyəti tərəfindən seçilmiş “Nar” qobelen əsərim məhsuldarlığın, həyatın və əbədi həyata olan ümidi, təbiətin dirçəliş simvolunu xarakterizə edir. İnsanlar qədim zamanlardan narın cənnətin meyvəsi olduğuna inanırdılar və bənzərsiz forması və sağlamlığa olan faydalarına görə bu meyvəyə, demək olar ki, bütün dinlərdə xüsusi olaraq baxılırdı. Hətta bəzi alimlər narın cənnət bağında həyat ağacı olduğuna inanırdılar. Narın tac şəkli və qırmızı rəngi bir çox sənətkarların narın gözəlliyini şeirlərdə əks etdirməsinə ilham verib və Azərbaycan sənətkarlarının əsərlərində ən önəmli ornamentlərdən birinə çevrilib. Nar ornamenti cənnət bağını əks etdirməyi hədəfləyən nadir xalçalar, kilimlər və digər toxuculuq nümunələrinin yaradılmasının əsas səbəbidir. Mən də bu qobeleni yaratmaqla, təbiətin gözəlliyini və insan həyatı boyu tarazlıq və xoşbəxtliyin sonsuz sirri üçün təfəkkür və həssas anlayışımı ifadə etməyi hədəflədim. İnanıram ki, beynəlxalq toxuculuq tədbirinin həyata keçirilməsi həm də azərbaycanlı gənc mütəxəssislərə kilim və toxuculuq sənətinin inkişafında əhəmiyyətli dərəcədə dəstək olacaq”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*