18 Sentyabr Üzeyir Musiqi Günüdür

18 Sentyabr Üzeyir Musiqi Günüdür

Sabah ölkəmizdə Üzeyir Musiqi Günü qeyd olunur. 1995-ci ildə həmin gün dövlət statusu alır. Belə ki, Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə hər il 18 Sentyabr Üzeyir Musiqi Günü kimi qeyd olunmağa başlandı. Özünün çiçəklənmə dövrünü yaşayan ölkəmizdə, davamlı olaraq, keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr, bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Dahi bəstəkar Azərbaycan Dövlət Himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı, məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, həmçinin, tədbirlərimiz bu himnin sədaları altında başlayır. Belə bir zəngin irsin müəllifinə çevrilən Üzeyir Hacıbəylini doğum günündə Azərbaycanda musiqi günü keçirilir.
Özünün ən parlaq dövrünü yaşayan Azərbaycan musiqisi dövlət qayğısı ilə əhatə olunub. Heydər Əliyev Fondunun musiqimizin inkişafı, təbliği və tanıdılması istiqamətində gördüyü işlər böyük uğurlarla nəticələnir. Heydər Əliyev Fondunun layihələri musiqimizin təməl daşı olan muğamı, artıq dünya musiqisinə çevirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın muğamı zirvələrə qaldırması Onun mədəniyyətimiz və tariximiz qarşısında möhtəşəm xidmətidir. Məhz Azərbaycanın Birinci Xanımının ciddi səyləri nəticəsində, muğam YUNESKO tərəfindən bəşəriyyətin Qeyri-Maddi İrsinin şah əsəri elan edilib. Fondun layihələri sırasında Beynəlxalq Muğam Mərkəzinin inşası mühüm əhəmiyyət kəsb edir. Bu mərkəz, artıq ən mötəbər tədbirlərin məkanına çevrilib. Fondun təşəbbüsü və dəstəyi ilə 2009-cu ildən etibarən, ölkəmizdə beynəlxalq muğam festivalları keçirilir və bu festivallar, artıq müstəqil Azərbaycanın mədəniyyət tarixinə parlaq mədəni hadisələr kimi yazılıb.
Muğamlarımızla yanaşı, Aşıq-Ozan sənəti də fondun diqqət və qayğısı ilə inkişaf edir və dünyada tanınır. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, milli təəssübkeşliyi sayəsində Ozan-Aşıq sənətimiz də YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycanın musiqisinin ruhunu əks etdirən 2009-cu ildən etibarən, keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalları da son illər Azərbaycan mədəniyyətinin parlaq hadisələri sırasındadır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən, yaxın-uzaq ölkələri Qəbələ şəhərində birləşdirən festival Azərbaycanın və dünya musiqisinin və mədəni dəyərlərin qorunub-saxlanmasında fondun növbəti addımıdır. Bu möhtəşəm festival tarixə Azərbaycan və dünya musiqisinin Qəbələ salnaməsi kimi yazıldı. Bu gün Azərbaycan bir sıra beynəlxalq festival və müsabiqələrə də uğurla ev sahibliyi edir.
ÜZEYİR HACIBƏYLİYƏ HƏSR OLUNMUŞ XI BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLƏCƏK
Hər il olduğu kimi, bu il də 18 sentyabr tarixini musiqi ictimaiyyəti böyük sevgi ilə təntənəli şəkildə qeyd edir. Üzeyir dünyası xatırlanır və vərəqlənir. Belə bir irsin yaradıcısı böyük bir sevgi ilə yad olunur. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur. Bu il də müxtəlif səpgili tədbirlər keçiriləcək.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2019-cu il 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çukurova Dövlət Simfonik Orkestri, Çin Xalq Respublikasının “Silk Road” Filarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Sergey Doqadin, Filip Kopaçevski, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac, Regina Rüstəmova, Cəbrayıl İdrisov, Giorgi Çelidze, Ümid İsrailov, habelə, Azərbaycan sənətçiləri Rauf Abdullayev, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fəxrəddin Kərimov, Murad Adıgözəlzadə, Murad Hüseynov, Əyyub Quliyev, Mustafa Mehmandarov və başqalarının iştirakı ilə 40-a yaxın tədbirlərin keçirilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN MUSİQİSİNDƏ KÖKLÜ DÖNÜŞ YARATMIŞ DAHİ BƏSTƏKAR
Ölkəmizdə Üzeyir Musiqi Günlərinin ənənə halını alması xalqımızın qədirbilənliyidir. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə belə bir təntənəni yaşadan Üzeyir Hacıbəyli sənət və həyat yolunun məsafəsində bu ömrün yazılmasına səbəb olmuşdur. Kənd mirzəsi ailəsində doğulmuş sənətkarın daim sənətə doğru olan addımları onun dünyaşöhrətli bir sənətkar kimi yetişməsinə səbəb olmuşdur. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Bu bəstəkarın dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
Hacıbəyli Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirmişdir. Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyli operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında yazmışdır. Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam-operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdır. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. Xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında Hacıbəyli muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəylinin yaradıcılığında mühüm rol oynamış, o, “Arşın mal alan” musiqili komediyasını, məhz burada yaratmışdır. Hacıbəyli 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir.
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.
Ü.Hacıbəyli həm də böyük musiqişunas-alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış və tədqiqatlar aparmışdır. Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən, Ü.Hacıbəyli yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*