QIZIMI TƏBRİK ETDİM, LAKİN BİR MƏSƏLƏ QƏLBİMİ YARALADI

QIZIMI TƏBRİK ETDİM, LAKİN BİR MƏSƏLƏ QƏLBİMİ YARALADI

Bu il qızım Xəzər rayonundakı 156 saylı tam orta məktəbin XI sinfini bitirib. Mənim qızım məktəbin iki XI sinfini bitirən şagirdlər arasında ən yüksək balı (600 baldan çox) topladı. Bildiyimiz kimi artıq iki ildir ki, abituriyentlərə ikinci dəfə qəbul imtahanı vermək şansı verilir. Mənim qızım da bu imtahanda iştirak edib, bir qədər də yüksək bal toplamaq arzusunda idi. Bu məqsədlə, DİM-in hesabına 40 manat ödədikdən sonra imtahanın qeydiyyatından keçməkdən ötrü bir çox şagirdlər kimi o da məktəbin informatika müəlliminə kömək üçün müraciət edib. Müəllim də elə qızımın öz yanında onu telefon vasitəsilə qeydiyyatdan keçirib və bu barədə ona məlumat verib. Qızım isə buna arxayın olub qeydiyyatdan keçib-keçmədiyini yoxlamayıb.

Bir həftə bundan əvvəl DİM tərəfindən abituriyentlərin hansı məktəbə imtahana salındığı açıqlananda məlum olur ki, qızım qeydiyyatdan keçirilməyib. Bu məsələni araşdırmaq üçün məktəbin müəllimi ilə əlaqə saxladım. Həmin müəllim məsələni bildikdən sonra mənə dedi ki, sizin qızınız qeydiyyatdan keçirilməyə görə mənə müraciət etməyib. Qızım isə ona telefonda söylədi ki, mən sizin yanınızda bir neçə nəfərlə birlikdə olmuşam və məni qeydiyyatdan keçirib arxayın saldınız.

Düzdür, mən DİM-ə müraciət etdim və məsələni danışdım. Amma mənə dedilər ki, artıq gecdir.

Bu məsələdə günahın müəllimdə və yaxud DİM-də olduğunu bizim aydınlaşdırmağımız çətin məsələdir. Lakin mənə təsir edən, mənim ürəyimi yaralayan müəllimin məsuliyyətdən qaçmaqdan ötrü yalan danışması, bu işi öz boynundan atması, etinasızlığıdır. Şagirdin yüksək bal toplaması təkcə şagirdin deyil, həm də məktəbin uğuru və göstəricisidir. Ona görə də bu işdə məktəb özü də maraqlı olmalı idi. Lakin nədənsə məktəbdə bu işə ciddi yanaşmalı olan adamlar tərəfindən diqqət deyil, əksinə, çox böyük etinasızlıq göstərildi.

Baş vermiş hadisədə mənim də, övladımın da qəlbimiz yaralandı. Onun ikinci imtahanı vermək arzusu ürəyində qaldı. Lakin yenə də mən onu yüksək bal toplaması münasibətilə təbrik etdim. Övladım mənim əzab çəkdiyimi hiss edib mənə dedi ki, onsuz da bu birinci dəfə deyil, mən bir neçə dəfə müəllimlər tərəfindən zərbələr görmüşəm.

Nə qədər ki, insanlar öz şüurlarını dəyişməyəcəklər, qəlblərini xudbinlikdən təmizləməyəcəklər, belə hadisələrlə çox rastlaşacağıq. Mənim özümə vurulan zərbələr, bəzi insanlarda nəyinsə xətrinə kiməsə böhtanın atılması, son illərdə günahsız insanların bəzi kiçik məmurlar tərəfindən müxtəlif bəhanələrlə işdən çıxarılması, lazım gələrsə kiməsə yaltaqlıq etməyi bacarmaq, ikiüzlülük, paxıllıq bunu deməyə əsas verir.

Fərhad Əsgərov (Ramizoğlu),

Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “İti qələm” mükafatları laureatı, 2015-ci ilin birillik Prezident təqaüdçüsü

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*