KOLXOZ  (Hekayə)

KOLXOZ (Hekayə)

Keçmiş dövrdə qabaqcıl və varlı bir kolxoz fəaliyyət göstərirdi. Kollektiv təsərrüfat dörd kəndi birləşdirirdi. Dörd yüz nəfərədək üzvü, qaramal ferması, maşın-traktor-kombayn və başqa texnikadan ibarət kiçik qarajı, su dəyirmanı, kitabxanası, klubu, uşaq baxçası, xeyli əkin, bağ və tərəvəz sahələri olan kolxozun idarə olunmasını, uçot-hesabat əməliyyatlarını dörd nəfər mütəxəssis həyata keçirirdi: sədr, hesabdar, uçotçu, qaraj müdiri. Kolxoz idarəsi aşkarlıq şəraitində fəaliyyət göstərirdi. Ayda iki dəfə kolxoz idarə heyətinin iclası keçirilirdi. Bir neçə nəfər fəal kolxozçunun da daxil olduğu idarə heyətinin iclasında müzakirə edilən məsələlərdə kollektivin bütün üzvlərinin mənafeyi eyni dərəcədə, heç birinə fərq qoyulmadan müdafiə olunurdu. Daha yaxşı işləyən qabaqcıl kolxozçunun əmək günü və ona düşən pay, təbii ki, fərqli olurdu. Lakin sosial müdafiə baxımından yanaşma zamanı hamının – kolxozun bütün üzvlərinin və hətta sədrin hüquqları bərabər səviyyədə qorunurdu.

Günün birində kolxoz idarə heyətinin növbəti iclasında vacib məsələlərin müzakirəsi zamanı belə bir təklif irəli sürüldü: “kolxozumuz inkişafdadır, pul vəsaitimiz çoxalır, əhalimiz artır, gənclərimiz evlənir, yeni evlərin tikilməsinə ehtiyac yaranır. Gəlin qabaqcıl kolxozçularımızın məişət şəraitini yaxşılaşdırmaqdan ötrü yeni evlər inşa edək”. Təklifə hamı tərəfdar çıxdı. Kolxozçuların bütün günü işlə-güclə məşğul olduqlarını nəzərə alıb, bu xeyirxah təşəbbüsə rayonun sənaye kombinatının inşaatçılarını da qoşmaq təklif olundu və bu təklif də qəbul edildi. Ümumi iclas qərara aldı ki, kolxozun vəsaiti hesabına qabaqcıl kolxozçular üçün yeni evlər tikilsin.

Bir neçə aydan sonra işə başlanıldı və iki ildən sonra yaraşıqlı bir kənd salındı. Hər ev üçün on iki sot həyətyanı torpaq sahəsi ayrıldı.

İşlərin bu cür rəvan getməsi, qarşıda duran vəzifələrin, yuxarıdan verilən tapşırıqların layiqincə yerinə yetirilməsi fonunda, ən əsası isə inşası başa çatmaq üzrə olan, layiqli sahiblərinə paylanmaq ərəfəsində evlərin verilməsinə az qalmış kolxozda “ab-hava”nın tədricən dəyişəcəyi barədə dedi-qodular gücləndi. Pıçı-pıçı getdikcə real söz-söhbətə çevrildi. Hamı nəyinsə dəyişəcəyindən narahat olduğunu dilə gətirirdi. Bir sözlə, indiyəcən hamının başını aşağı salıb öz əkin-biçini ilə məşğul olduğu qabaqcıl kolxozda, hələlik sakitlik hökm sürsə də, hansısa bir təlatümün yaxınlaşdığı duyulurdu.

Kənd yerində olanlar yaxşı bilirlər: tufan başlamazdan bir qədər əvvəl nisbi sakitlik hökm sürür. Sonra isə tufanın ilk əlamətləri özünü büruzə verir: zəif külək sanki kiçik bir kəşfiyyat aparır və ardınca gözlənilmədən birdən-birə güclü tufan başlayır. Bu kolxozda da elə bu cür oldu: ilk olaraq, kolxozu qabaqcıllar sırasına çəkmiş sədri vəzifəsindən çıxardılar. Onun yerinə rayon ticarət şöbəsində işləyən bir nəfər göndərdilər ki, ömründə nə mal-qara görmüşdü, nə də əkin-biçindən, meyvə-tərəvəz yetişdirməkdən başı çıxırdı. Həm də yuxarıdan bərk-bərk tapşırdılar ki, heyət iclasında hamı yekdilliklə bu adama səs versin, elə ilk gündən əmrlərinə sözsüz əməl olunsun, ağzından çıxan hər göstəriş müzakirəsiz yerinə yetirilsin. Kimin hünəri vardı ki, göstərişlərə dəqiqliklə əməl etməsin.

Hər şey yuxarıdan gələn əmrdəki kimi oldu. Yeni sədr kolxozun heyət iclasını çağırdı, heyət üzvlərindən hələlik ikisini dəyişdi, əvvəlcədən xeyli kəşfiyyat işi apardığından, özünə lazım olan adamları çoxdan müəyyənləşdirmişdi. Elə onları da yeni seçilən heyətə daxil etdi. Yeni sədr ikinci iş günü kimi, fəaliyyətə kabinetindən başladı: şəhərdən bahalı mebellər, divan, kreslo gətizdirmək üçün göstəriş verdi. Qabaqcıl kolxoz olduğu üçün hesablaşma hesabına xeyli vəsait toplandığını görən sədr iştahını saxlaya bilmədi. Klub, uşaq baxçası və kitabxana üçün də yeni bərk və yumşaq inventarlar alınması məqsədilə xeyli pul ayırdı. Bu işdən əvvəlcə böyük sevinc hissi keçirən kolxozçular sonradan həmin ləvazimatın gətirilmədiyini görəndə xeyli məyus oldular. Yəqin ki, inventarlar elə alınıb gətirilməmiş hesabdan silinmişdi.

Kolxozda soyhasoy başladı, nə başladı. Pula gedəsi nə vardısa satılıb sovruldu. Hər birinin on iki sot həyətyanı sahəsi olan yenicə inşa olunmuş və qabaqcıl kolxozçular üçün nəzərdə tutulan 50 ev elə adamlara verildi ki, təəccübdən kolxozçuların ağzı açıla qaldı: kolxoza

heç bir dəxli olmayan on beş nəfərin, əvvəlkinin əvəzinə yeni təyin edilən qaraj müdirinin, sədrin özü ilə rayon mərkəzindən gətirdiyi sürücüsünün, kolxozun ərazisində yaşayıb ittifaqın digər şəhərlərində alverlə məşğul olan şəxslərin adları ev alanların siyahısındaydı. Bu da maraqlı idi ki, gözdən pərdə asmaq üçün bir neçə kolxozçuya verilən evləri də sınıq-salxaq tikililərdə yaşayanlara yox, nisbətən yaxşı evləri olan kənd adamlarına vermişdilər.

Kolxozçular mövcud vəziyyəti öz aralarında müzakirə etsələr də, səslərini çıxara bilmirdilər. Axı, yuxarıdan tapşırmışdılar ki, yeni sədrə heç kəs etiraz etməsin. Etiraz edən hər kəs yeniliyin əleyhinə çıxan və kolxozun işinə mane olan adam kimi ittiham olunacaq.

Kolxozun münbit torpaqları axarlı-baxarlı, mənzərəli və çaykənarı əraziləri əhatə etdiyindən, yeni sədrin “səxavətindən” həvəslənən rayon mərkəzindən və digər yerlərdən gələn adamlar, çox güman ki, müəyyən haqq müqabilində, sahə alıb özləri üçün ev tikdirməyə başladılar. İş o yerə çatdı ki, kolxozun ərazisi tamam daraldı. Kolxozçular arasında narazılıq artmağa başladı.

Yeni sədr daha sonra kadrlara girişdi. Ən birinci hesabdar Əliş kişidən başladı. Yanına çağırıb dedi ki, daha onunla işləyə bilməyəcək. Əliş kişi belə bir qərarı gözləyirdi. Çünki o, yeni sədrin sözünə rədd cavabı vermiş, əmrini yerinə yetirməmişdi. Hadisə isə belə olmuşdu. Gəlişinin beşinci günündə qoyun sürülərinə baş çəkmək məqsədilə yaylağa gedəcəyini bəyan edən sədr Əliş kişini də özü ilə götürmüşdü. Sürülərin yanına çatanda sədr hesabdara onun ömrü boyu heç ağlına gətirmədiyi göstəriş vermişdi ki, sürünün təxminən yarısını hesabdan silsin. Yeni sədrin zarafat etdiyini zənn edən Əliş kişi bu zaman xeyli gülmüşdü. Hesabdarın onun göstərişinə gülməsindən bərk qəzəblənən sədr gündən qorunmaq üçün başına qoyduğu ağ kepkasını çəmənlikdə heç nədən xəbərsiz otlayan sürünün ortasına atmışdı. Aralarına düşən ağ əşyadan ürkən qoyunlar, özlərindən asılı olmadan, iki hissəyə ayrılmışdı. Sədr iri hissəni göstərib demişdi: bu qoyunları tez hesabdan sil, müştəriləri var, birazdan burada olacaqlar. Belə qanunsuzluğa adət etməyən hesabdar bu göstərişi yerinə yetirməkdən qəti imtina etmişdi. Qurduğu əməliyyat planının baş tutmadığını görən sədr yubanmadan kolxoza qayıtmış və Əliş kişini hesabdarlıqdan çıxarmışdı. Əliş kişi də gedib oturmuşdu evində. Sədr isə yeni hesabdar axtarışında idi. Elə bir hesabdar ki, indi və daha sonra baş verəcək bütün qanunsuzluqların, cinayətlərin məsuliyyətini öz üzərinə götürsün və sədrin əmrlərini sözsüz yerinə yetirsin, əməllərini ört-basdır etsin. Və tapdı da…

Sədr məqsədinə çatmaq üçün ona üzüyola işçilər lazım gələcəkdi. Yeni təyin etdiyi qaraj müdiri isə sədrin əsl istədiyi kadr idi. Nə qarajdan başı çıxırdı, nə də uçot-hesabatdan. Sədrin hər tapşırığını əlüstü yerinə yetirirdi. Ehtiyat hissələrini sənədsiz-filansız kimə gəldi satırdı. Qonşu kolxozlarda çalışan işçilərdən kiməsə nəsə bir şey – təkər və digər ehtiyat hissələri lazım olanda bura gəlirdilər. Qaraj ehtiyat hissələri satılan mağazaya dönmüşdü. Maşın və texniki vasitələr isə şəxsi təsərrüfatlarda müəyyən vəsait müqabilində işləyirdi.

Təmiz işçi olan ferma müdiri də vəzifəsindən çıxarıldı. Onun yerinə təyin olunan şəxsi isə heç kəs tanımırdı. Haradan gəlib, ixtisası nədir, maldarlıqdan başı çıxırmı? Bu suallara ancaq sədr cavab verə bilərdi. Lakin kolxozda ona bu sualları verə bilən adam tapılacaqmı? Axı, indiki sədr toxunulmaz şəxs idi.

Kolxoz dövründə belə qanun vardı: nəinki hansısa bir vəzifəyə təyinat, hətta kolxoz ərazisində yaşamağa gələn hər kəsə icazə heyət iclasının qərarı ilə verilərdi. Yeni sədr isə vəzifə təyinatlarını təkbaşına verirdi. Ferma müdiri də vəzifəsinə yalnız sədrin qərarı ilə təyin edilmişdi. Fermadakı iribuynuzlu mal-qaranın sayı azalanda əvvəlki ferma müdirinin də nə üçün dəyişdirildiyi hamıya məlum oldu.

Vəziyyət pisləşmişdi. Kolxozçular narazılıqlarını daha bərkdən səsləndirməyə başlamışdılar. Az müddətdə sədr çox “məşhurlaşmışdı”. Onun haqqında gəzən söz-söhbətlər nəinki təkcə rayon mərkəzinə, hətta daha uzaqlara çatmışdı.

Günlərin birində səs yayıldı ki, hüquq-mühafizə işçiləri tökülüşüb gəliblər. Kolxozun fəaliyyəti yoxlanılacaq. Özünə arxayın olan sədr hər şeyin yerli-yerində olduğunu desə də komissiya hər sahəni dəqiqliklə yoxlamağa başladı. Sədr rayondakı havadarlarının da ondan üz döndərdiklərini görəndə, bəlkə də, həyatında ilk dəfə qorxu hissi keçirdi. Lakin gec idi. Az vaxtda kolxozun ümumi əmlakından oğurlanan bütün mal-material, avadanlıq, texniki vasitələr, satılan qoyun-quzular, mal-qara aşkara çıxarıldı. Kolxoza dəxli olmayan təsadüfi adamlara verilən evlər geri alınaraq əsl sahiblərinə təqdim olundu.

Sonda yoxlamaya gələn komissiya üzvləri sədri özləri ilə apardılar…

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU)

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*