Gələn ay Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana səfər edəcək

Gələn ay Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana səfər edəcək

İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Vazil Hudak ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, Ş.Mustafayev Azərbaycanın beynəlxalq mailiyyə və iqtisadi qurumlarla, o cümlədən AİB ilə uğurla əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunub ki, 2013-cü ildə Azərbaycan ilə AİB arasında Çərçivə Sazişi imzalanıb. Bank TANAP və TAP layihələrinin maliyyələşdirilməsində iştirak edib, özəl sektorla əməkdaşlıq çərçivəsində Azərbaycan banklarına kredit ayırıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafının və diversifikasiyasının prioritet olduğunu vurğulayan nazir Ş.Mustafayev kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə müsbət artım dinamikasının müşahidə edildiyini, ölkənin strateji valyuta ehtiyatlarının artdığını diqqətə çatdırıb. Qeyri-neft sektorunun müxtəlif sahələri üzrə AİB-lə əməkdaşlıq istiqamətlərinə dair fikirlərini bölüşən İqtisadiyyat naziri ölkədə yaradılmış sənaye parklarında rezidentlər üçün əlverişli şəraitin yaradıldığını və bir sıra güzəştlərin nəzərdə tutulduğunu qeyd edib, sənaye parklarında fəaliyyət göstərən rezidentlərin kreditləşməsi istiqamətində Bankla əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığa güzəştli kreditlərlə dəstək olduğunu bildirən nazir Fondun AİB-lə əməkdaşlıq edə biləcəyini deyib. Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını qeyd edən Ş.Mustafayev bu sahədə Bankla əməkdaşlığın nəzərdən keçirilməsinin mümkünlüyünü bildirib. Bundan başqa, özəl sektorun layihələrinin birbaşa maliyyələşdirilməsi, infrastruktur layihələrinin reallaşdırılması, alternativ enerji, tullantıların idarəedilməsi, Abşeron göllərinin bərpası sahəsində də Bankla əməkdaşlıq edilə bilər.

Avropa İnvestisiya Bankının vitse-prezidenti V.Hudak ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti ilə görüşünü yüksək qiymətləndirərək, görüşdə səmərəli danışıqların aparıldığını vurğulayıb. V.Hudak bildirib ki, AİB maliyyə dəstəyi ilə yanaşı, ekspertiza, texniki və məsləhət xidmətləri də göstərir. İnfrastrukturun yaradılması və bərpası sahəsində Bankın geniş təcrübəsinin olduğunu xatırladan AİB vitse-prezidenti Azərbaycanda avtomobil və dəmir yollarının inşası və yenidənqurulmasına Bankın maliyyə dəstəyi göstərə biləcəyini qeyd edib. Bank rəsmisi alternativ enerji, ekologiya, göllərin təmizlənməsi, özəl sektora, xüsusilə də kiçik və orta biznesə dəstək sahəsində də əməkdaşlığın mümkünlüyünü, bu istiqamətdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. V.Hudak bu ilin oktyabrında AİB-in işçi missiyasının ölkəmizə səfər edəcəyini də bildirib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*