Ciddədə Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş Assambleyasının 2-ci iclası keçirilib

Ciddədə Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının Baş Assambleyasının 2-ci iclası keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) Baş Assambleyasının 2-ci iclasında iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, iclasda təşkilata üzv ölkələrdə və ümumiyyətlə islam dünyasında ərzaq təhlükəsizliyi ilə bağlı cari vəziyyət və problemlərin həlli yolları müzakirə edilib.

Əvvəlcə Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının bu vaxtadək gördüyü işlərlə bağlı hesabat verilib və gələcək planlar müzakirə edilərək bir sıra mühüm qərarlar qəbul olunub. Belə ki, 2020-2022-ci illər üçün fəaliyyət planında ƏTİT Taxıl Fondunun, ƏTİT Kənd Təsərrüfatı İnvestisiya Fondunun, ƏTİT Nəqliyyat və Logistika Mərkəzinin, ƏTİT Elm və Texnologiya Mərkəzinin yaradılması qərara alınıb. Qeyd olunan hər bir bənd üzrə geniş təqdimat edilib, yaradılması nəzərdə tutulan yeni strukturların fəaliyyət sxemi haqqında məlumat verilib. Müzakirələr zamanı yaradılması nəzərdə tutulan yeni strukturların əhəmiyyəti yüksək qiymətləndirilib, bu strukturların ƏTİT-ə üzv ölkələrdə, həmçinin islam dünyasında ərzaq təhlükəsizliyinin təmin edilməsində, aclığın aradan qaldırılması üçün səylərin birləşdirilməsində, bu istiqamətdə birgə və effektiv fəaliyyətin təmin edilməsində əvəzsiz rol oynayacağı bildirilib.

Bununla yanaşı, ƏTİT ərzaq təhlükəsizliyi məlumat bazası platformasının yaradılması da planlaşdırılır ki, bu da üzv ölkələr və islam dünyasında ərzaq təhlükəsizliyi üzrə cari vəziyyətin daha dəqiq qiymətləndirilməsinə, ehtiyacların müəyyənləşdirilməsinə və tələbatın qarşılanması üçün potensial imkanlardan tam istifadə edilməsinə imkan yaratmış olacaq. Bu məqsədlə üzv dövlətlərin ərzaq balansları məlumatlarının bir bazada mərkəzləşdirilməsi üçün qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsi və operativliyin təmin edilməsi razılaşdırılıb.

İclasda, həmçinin ƏTİT-in davamlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün təşkilatın idarəedici orqanında da müəyyən dəyişikliklər olunub. Belə ki, ƏTİT Baş Assambleyasının sədri və sədr müavinləri yenidən seçilib. ƏTİT Baş Assambleyasının sədri Səudiyyə Ərəbistanı Krallığı, sədr müavinləri isə Tacikistan və Qambiya respublikaları seçilib. Qazaxıstan əsilli Yerlan A.Baydolet isə ƏTİT-in baş direktoru təyin edilib.

Qeyd edək ki, ƏTİT 2016-cı ildə Qazaxıstan Respublikasının ilk Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb və bir institut kimi formalaşıb. ƏTİT İslam Əməkdaşlığı Təşkilatının ixtisaslaşmış institutu olaraq üzv ölkələrin resurslarının mobilizə edilməsi, təcrübə mübadiləsi, investisiyanın təşviqi və texnologiyaların ötürülməsi yolu ilə ərzaq təhlükəsizliyinin təminatı, kənd yerlərinin və kənd təsərrüfatının dayanıqlı inkişafına nail olunması məqsədilə yaradılıb. ƏTİT-in əsas orqanları Baş Assambleya, İdarə Heyəti və Katiblikdir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*