Barama İnkubasiya Mərkəzinin imkanları genişləndiriləcək

Barama İnkubasiya Mərkəzinin imkanları genişləndiriləcək

“Barama” İnnovasiya və Sahibkarlıq Mərkəzi, “Azercell Telekom” MMC-nin brendi olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyinin tabeliyinə keçib.

 

Mərkəzin İnnovasiyalar Agentliyinin tabeliyinə keçməsi hansı yeniliklərə səbəb olacaq?

 

TED.az məsələ ilə bağlı İnnovasiyalar Agentliyinin mövqeyini öyrənib.

 

Agentliyin mütəxəssisi Ayan Kərimova bildirdi ki, Mərkəzin fəaliyyət və inkişaf perspektivləri genişləndiriləcək: “Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “Azercell Telekom” MMC-nin brendi olaraq qalmaqla bundan sonra öz fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək. İnnovasiya Agentliyi Mərkəzin gələcək fəaliyyət və inkişaf perspektivliyinə dəstək verəcək. Buna misal olaraq, qrantlar, güzəştli kreditlərin və investisiyaların verilməsini göstərmək olar. Biz mütəmadi olaraq, startapları beynəlxalq sərgilərə, beynəlxalq müsabiqələrə göndəririk, innovasiya yönümlü tədbirlərə yönləndiririk.  Onlar mübadilə proqramlarında iştirak edirlər. Məsələn, bu il İsraildə mübadilə proqramında 10 startap iştirak edib. Hər il iki-üç mübadilə proqramları aparılır”.

 

A. Kərimova onu da vurğuladı ki, artıq “Barama” avtomatik olaraq Agentliyin bütün resurslarından, pulsuz data mərkəzlərindən, mentor köməyindən, mütəxəssis dəstəyindən, təlim zallarından istifadə edə biləcəklər: “Bundan əlavə biz “Bakutel” və “ADEX” nəqliyyat sərgilərində,  beynəlxalq və yerli forumlarda startapları təqdim edirik. Hesab edirəm ki, bütün bu amillər “Barama”nın inkişafına səbəb olacaq”.

 

İKT üzrə jurnalist-ekspert Rəşad Cəfərov da “Barama”nın İnnovasiyalar Agentliyinin tabeliyinə keçməsi ilə bağlı nikbindir. Ekspert hesab edir ki, bu qərar ümumi işin xeyirinədir və “Barama”nın dünya səviyyəsində bir brendə çevrilməsinə zəmin yarada bilər: “İnnovasiyalar Agentliyində yüksək səviyyəli mütəxəssislər çalışır, geniş texniki imkanları var. Startapçıların belə bir mühitdə olması, çalışması mühüm məsələdir. Bundan əlavə, Agentliyin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulub. Bunu son olaraq, ABŞ və İsrailin inkubasiya mərkəzləri ilə həyata keçirilən ortaq layihələrdə görmək mümkündür. Bu ölkələrin təcrübəsinin öyrənilməsi və dolayısı ilə “Barama” stratapçılarının da bu və ya bu kimi təcrübələrdən yararlanması ölkəmizin xeyrinə olacaq”.   

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*