Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb YENİLƏNİB

Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb YENİLƏNİB

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilib, əməkdaşlığa dair Saziş imzalanıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Bakıda, Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak edirlər.

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş tərkibdə iclası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev belə formatda keçirilən tədbirlərin işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlətlərimizin başçıları ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir. Prezidentlərin, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Bu il sentyabrın 1-də Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri çərçivəsində dövlət başçıları ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyətini hərtərəfli təhlil edib, bu sahədə gələcək əməkdaşlıq üçün prioritetlər müəyyənləşdirilib, 6-sı biznes dairələr arasında olmaqla ümumilikdə 17 sənəd imzalanıb.

“Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən biri də ticarət əməkdaşlığıdır və bu sahədə müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxalda Azərbaycanın əsas tərəfdaşı, qeyri-neft məhsullarımızın ixracında isə ilk sıradadır. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks tədbirlər görülüb. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və şirkətlərin ölkələrimizdə keçirilən beynəlxalq sərgilərdə iştirakı belə tədbirlərdəndir. Hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və Həştərxan şəhərlərində Azərbaycanın ticarət, şərab və çay evlərinin açılması istiqamətində tədbirlər görülür”, – deyə Şahin Mustafayev bildirib.

Qarşılıqlı investisiya qoyuluşu sahəsində də fəal əməkdaşlıq həyata keçirildiyini vurğulayan nazir deyib: “Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4 milyard dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması, Azərbaycan şirkətlərinin Rusiyada həyata keçirdiyi layihələr, o cümlədən Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və digər layihələr qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu layihələrdəndir”.

Azərbaycanın Rusiya ilə ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayan Şahin Mustafayev bu sahədə Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əhəmiyyətli rol oynadığını qeyd edib, sənaye, energetika, turizm, nəqliyyat, kənd təsərrüfatı, İKT və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin IX Azərbaycan-Rusiya Regionlararası Forumunun Bakıda keçirilməsindən məmnunluğunu bildirib, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü qeyd edib. O deyib ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və sair sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir.

M.Oreşkin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında regional əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu deyib və bu baxımdan Forumun əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, İşgüzar Şura iş adamları arasında əlaqələri genişləndirmək, işgüzar dairələr və dövlət qurumları arasında dialoq qurmaq, yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə yaradılıb. Azərbaycan-Rusiya İşgüzar Şurasında kənd təsərrüfatı, sənaye, logistika, nəqliyyat, bank, neft-kimya sahələrində iri, eləcə də kiçik və orta biznes nümayəndələri təmsil olunur.

Səməd Qurbanov Azərbaycan iş adamları tərəfindən Rusiyada həyata keçirilən layihələr barədə də məlumat verib.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik isə çıxışında işgüzar şuraların fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olduğunu qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Rusiya Federasiyasının Novqorod vilayətinin qubernatoru Andrey Nikitin çıxışlarında Bakı və Novqorodun potensialı, bu şəhərlərdə görülən işlər və regional əməkdaşlıq imkanları barədə məlumat veriblər.

“Azərmaş” şirkətinin sədri Emin Axundov, “Qazprombank”ın vitse-prezidenti Aleksey Çiçkanovvə digər şirkət təmsilçiləri isə ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlıq, reallaşdırılan birgə layihələr və əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.

Sonra Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sənədi Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzalayıblar.

Hazırda IX Azərbaycan-Rusiya Regionlararası Forumu Heydər Əliyev Mərkəzində və Bakı Biznes Mərkəzində təşkil olunmuş 7 istiqamət üzrə (sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə) “dəyirmi masa”larla davam edir.

Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun plenar iclası da keçiriləcək.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*