Qrossmeysterlərimizin iştirakı ilə şahmat üzrə Dünya Kubokuna start verilir

Qrossmeysterlərimizin iştirakı ilə şahmat üzrə Dünya Kubokuna start verilir

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayəsi altında bu gün Xantı-Mansiyskdə Azərbaycan qrossmeysterlərinin iştirakı ilə şahmat üzrə Dünya Kubokuna start verilir.

Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Arkadi Naydiç və Nicat Abbasov təmsil edirlər.

Reqlamentə əsasən, turnir 6 dairədən ibarət nokaut sistemi üzrə keçiriləcək. Onların yekunlarına görə, iki finalçı, həmçinin üçüncü yer uğrunda mübarizə aparacaq şahmatçılar müəyyən ediləcək. İlkin mərhələdə matçlar iki klassik partiyadan, əsas və təsəlliverici finallar isə, dörd oyundan ibarət olacaq. Şahmatçılar ilk 40 gediş üçün 90 dəqiqə, ardınca isə partiyanın sonunadək hər bir gedişə 30 saniyə əlavə edilməklə 30 dəqiqə vaxt əldə edəcəklər.

Əgər matç heç-heçə başa çatarsa, onda qalibi müəyyən etmək üçün tay-breyk keçiriləcək. Şahmatçılar əvvəlcə rapid üzrə – 25 dəqiqəlik iki partiyada hər bir gedişə 10 saniyə əlavə edilməklə yarışacaqlar. Əgər bundan sonra qalibi müəyyən etmək mümkün olmasza, o zaman nəticələri blitsə gətirib çıxaracaq hər biri 5 dəqiqə olmaqla daha iki partiya (10 dəqiqə, hər gedişə 10 saniyə) oynanılacaq. Blitsdə də heç-heçə qeydə alınarsa, rəqiblər armageddon oynayacaqlar.

Turnirdə 128 şahmatçı iştirak edir. Əvvəlcədən nəzərdə tutulmuşdu ki, Dünya Kubokunda hazırkı dünya çempionu Maqnus Karlsen də iştirak edəcək. Həmçinin, 2018-ci ildə keçirilmiş şahmat tacı uğrunda matçın iştirakçısı Fabiano Karuana da iştirak etməli idi. Lakin sonradan onlar yarışlarda iştirak etməkdən imtina ediblər. Rusiyanın aparıcı qrossmeysterləri Yan Nepomnyaşi, Aleksandr Qrişuk və Sergey Karyakin də turnirə qatılacaqlar.

Dünya Kubokunun finalına çıxacaq şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar üçün keçiriləcək turnirdə avtomatik olaraq iştirak edəcəklər. Onun qalibi isə, şahmat tacı uğrunda hazırkı dünya çempionu Karlsenlə qarşılaşacaq. Bundan başqa, FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların ona xüsusi dəvətnamə təqdim etdiyi halda bu cür imkana malik olacaq.

Dvorkoviç hesab edir ki, turnir gərgin mübarizə şəraitində keçəcək. O deyib: “Dünya Kuboku ən böyük turnirdən biridir. Biz Xantı-Mansiyskin yenidən onu qəbul etməyinə sevinirik. Yarışlarda ən obyektiv meyarlar üzrə seçilmiş 128 şahmatçı iştirak edir və biz demək olar ki, ən güclü qrossmeysterlərin hamısını orada görə biləcəyik. Mübarizə çox ciddi və sərt olacaq, hamı bu mühüm turniri diqqətlə izləyəcək”.

Dünya Kuboku iki ildən bir keçirilir. Turnir Xantı-Mansiyskin tarixində beşinci olacaq. Bu şəhər əvvəllər – 2005, 2007, 2009 və 2011-ci illərdə yarışlara ev sahibliyi edib. Dünya Kubokunda rusiyalı şahmatçılar – Pyotr Svidler (2011), Vladimir Kramnik (2013) və Sergey Karyakin (2015) üç dəfə qalib olublar.

Dünya Kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün isə həlledici görüşlərin tay-breyki üçün nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon, qalibə veriləcək məbləğ isə 110 min dollardır.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*