Erkən nikaha məcbur edilənlərin valideynlərinə kəsilən CƏZALAR…

Erkən nikaha məcbur edilənlərin valideynlərinə kəsilən CƏZALAR…

Azərbaycanda erkən nikaha və məcburi evliliyə sövq edilənlərlə bağlı mütəmadi olaraq faktlar səsləndirlir. Hətta bəzi bölgələrdə elə ailələr var ki, nəinki 17, 14-15 yaşlı qız uşaqlarnı ərə verirlər. Erkən nikahın qurbanları olan bu qız uşaqlarının ali və ya orta ixtisas təhsili alma istəyi valideynləri tərəfindən kobud şəkildə desək “zorlanır”. Bəzən erkən nikahı qəbul etməyən  yeniyetmə qızlar çıxış yolu tapmayanda intihara əl atırlar.

Buna misal olaraq, iyulun 30-da Zaqatalanın Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın intiharını göstərə bilərik. İlkin rəsmi məlumatda gənc qızın intihara əl atmasının səbəblərinin bəlli olmadığı deyilir, amma sosial mediada yazılanlara görə, G.İsmayılova ali təhsil almaq istəyib, valideynləri isə onu özündən yaşda çox böyük kişiylə nişanlayıblar, avqustda toyu olacaqmış. Nəticədə Gülər özünü asaraq, həyatına son qoyub. Dəşhətli hadisədir…

Azərbaycan Respublikasının qanunvericiliyində erkən nikaha təhrik edilməylə bağlı qanun qəbul edilib. Bəs belə olan halda övladını erkən nikaha məcbur edən  hansısa valideyn məsuliyyətə cəlb olunubmu?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, Azərbaycanda erkən nikah əleyhunə bir sıra qanunlar qəbul edilib.

“Azərbaycanda “Gender təminatları haqqında” 2006-cı ildə qanun qəbul edilib. Bundan əlavə, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildə qəbul edilib. Nikaha məcburetmə özü məişət zorakılığının bir növüdür. Bunun 18 yaşına çatmış və ya 18 yaşdan yuxarı insanlara aid edilməsinin fərqi yoxdur. Eyni zamanda, 2011-2012-ci illərdə məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə müddəalar qəbul edilib. Nikaha məcburetmə ilə bağlı qanun 2012-ci ildə qəbul edilib. Yetkinlik yaşına çatmamış şəxslərə görə 4 min manat cərimə və 4 il azadlıqdan məhrum etmə cinayət məsuliyyəti təsdiqlənib. Çox təəsüflər olsun ki, bu qanun 2012-ci ildən qüvvəyə minib, amma 7 il ərzində bu faktla bağlı 1 dənə cinayət işi açılmayıb”.

Elgün Səfərov bunun çox böyük problem olduğunu vurğulayıb.

“Qeyd etmək istəyirəm ki, bütün dünya ölkələrində nikaha məcburetmə faktları qeydiyyata alınır. Elə bir ölkə yoxdur ki, orada nikaha məcburetmə faktları olmasın. Afrika, Asiya ölkələri, hətta inkişaf etmiş ölkələrdə də bu problem var. Məsələ ondan ibarətdir ki, ölkədən ölkəyə fərq var. Bəzi ölkələrdə qanunvericilikdə və məsuliyyətə cəlbetmədə xüsusi müddəalar var, bəzilərində primitiv mexanizmlər işləyir, bəzi ölkələrdə isə sosial instrumentlər güclü fəaliyyət göstərir.
Azərbaycanda bu sahədə sadaladığım qanunlar və Cinayət Məcəlləsindəki müddəalarla nailiyyət əldə etmişik, psixoloqlar institutu yaradılır, keyfiyyətli psixoloqların sayı artırılır. Lakin bütün bunlara baxmayaraq, bizdə bu müddəların tətbiqi ilə bağlı problemlər mövcuddur. Konstitutsiyanın 125-ci maddəsinə əsasən,  intihara çatdırmaya görə Cinayət Məcəllisinə xüsusi diqqət ayrılır. İntihara çatdıran şəxslər 2-3 il yox, 7-8 il məsuliyyətə cəlb oluna bilərlər”.

Elgün Səfərov bu il qəbul ediləcək layihələr haqqında da danışıb:

“Azərbaycanda məişət zorakılığının qarşısının alınması, uşaq məcəlləsi və ailə strategiyası haqqında layihələr hazırlanb. Bu il çərçivəsində həmin 3 sənədin qəbul edilməsi planlaşdırılır. Bizim məqsədimiz uşaqlara qarşı zorakılıqla mübarizəsinin gücləndirilməsi, sağlam cəmiyyətdə sağlam uşaqların boya-başa çatdırılması və onların sağlam vətəndaş kimi Azərbaycanı təmsil etməsinə nail olmaqdan  ibarətdir. Uşaqlara təhsil, idman və sərbəstlik məhdudiyyətlərinin qoyulmaqsı yolverilməzdir. Bundan əlavə, uşaqların, xüsusilə qızların nikah və digər amillərə məcbur edilməsi halları daha çox baş verir. Bu isə insan hüquqlarının pozulmasıdır və cinayətdir”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*