“Alma atdım almaya alma yerdə qalmaya”- Alma bolluğu fermerləri ziyana saldı – FOTO

“Alma atdım almaya alma yerdə qalmaya”- Alma bolluğu fermerləri ziyana saldı – FOTO

Payızın ilk günlərində bazara daxil olan alma bu il mövsümə ucuz qiymətlə start verib. Belə ki, adətən sentyabrın sonlarında kiloqramını 2 manatdan ucuz almadığımız bu meyvənin 5-6 kiloqramını 2,5 manata da əldə etmək olar. Bazardakı vəziyyət alıcıların cibini sevindirsə də, məhsulu əkib-becərən bağ sahiblərinin heç də ürəyincə olmayıb. Səbəblər isə çoxdur.

Satıcılar vəziyyətdən razıdırlar

İlk əvvəl qiymətlərlə bağlı bazarda kiçik araşdırma apardıq. Satıcılar bu mövsümdə almanın bol və ucuz olduğunu dedilər:

“Hazırda bazarda Quba və Qusar bağlarından gətirilən məhsullardır. Almanın keyfiyyəti və növünə görə qiyməti 0.80-1.80 qəpik arasında dəyişir. Bir qədər aşağı keyfiyyətli məhsulun 5 kiloqramı isə 2.50 manatdır”.

Öyrəndik ki, ötən il satış dəyəri 2.50-3 manat olan “Quba-smerinka” bu il 1.80 qəpikdir:

“Bazarda xarici növ alma yoxdur. Xarici almalar yanvarda bazara daxil olacaq. Bu il tək alma deyil, eləcə də armud da ucuzdur. Səbəb də əvvəlki illərlə müqayisədə son illər məhsul əkib-becərənlərin sayının artmasıdır”.

Soyuducu saxlama kameraları dolub daşır

Nəzərə alsaq ki, adətən kənd təsərrüfatı məhsullarının bostandan alınma və istehlakçılara satışı dəyəri arasındakı fərq 200-600 faiz aralığında təşkil edir, almanın qapıdan satış qiyməti ilə də maraqlandıq.

Bağbanlar bildirdilər ki, almanın kiloqramını qapıdan 0.30-0.35 qəpiyə satırlar. Amma bunun onlara sərf etməməsi bir tərəfə, alıcı da yoxdur.

Quba rayonunun Alekseyevka kəndindən olan alma bağının sahibi Yusif Norbalayev deyir ki, bu il məhsuldarlıq ötən illə müqayisədə həddən artıq bol olub:

“Lakin satış problemi yaşayırıq. Bütün iri ticarətçilər gözləmə mövqeyindədirlər. Bunun da səbəbi əsas bazarımız olan Rusiyada rublun dəyərinin ucuzlaşması, dolların baha olmasıdır. Ticarətçilər qazanclarının azalmasını gözə ala bilmirlər. Məsələn, əgər Rusiyada almanın satışından 10 000 dollar qazanırlarsa, Azərbaycanda həmin pul dəyər ifadəsində 9000-ə düşəcək”.

Təsərrüfat sahibi deyir ki, məhsula tətbiq edilən əlavə dəyər vergisi səbəbindən xarici bazarlara birbaşa tədarük etmək bu gün onlara sərfəli deyil:

“Buna görə də məhsulu qapıdan ticarətçilərə satırıq və onlara möhtac vəziyyətindəyik. Ötən il vəziyyətimiz yaxşı idi. Mövsümün əvvəlində almanın satış qiyməti  0.60 qəpik, bir ay sonra isə 0.90 qəpik təşkil edirdi. Bu il almanı qapıdan 0.35 qəpiyə satırıq. Məhsuldarlıq o qədər çoxdur ki, soyuducu saxlama kameraları artıq dolub. Halbuki yığım mövsümü yeni başlayıb”.

Y.Norbalayev bildirir ki,məhsulu 0.35 qəpikdən satsa da ziyanı böyük olmayacaq. Ancaq təki bu satışı reallaşdıra bilsin:

“Bu il bağdan 100 ton məhsul götürmüşəm. Ötən il bu rəqəm aşağı idi. Hektara 3000 manat xərc çəkmişəm. Məhsulu soyuducu saxlama kamerasında saxlamaq xərc tələb edir. Belə ki, soyuduculara almanın tonu aylıq 30-40 manata qəbul edilir. Əgər 100 ton məhsulun varsa bu, 3000 manat xərc deməkdir. Alıcı çıxana qədər məcburən məhsulumu soyuducuda saxlamalıyam”.

Rublun dəyərdən düşməsi bizi pis vəziyyətə saldı

Quba rayonunun Amsarqışlaq kəndində alma bağının sahibi Azər İsayev deyir ki, məhsulunu “Meyvəli” bazarına aparıb, 0.15 qəpikdən təklif etsə də alıcı tapmayıb:

“Bakı bazarı bizə heç vaxt sərf etməyib. Bu mövsümdə isə paytaxt bazarlarında almadan bol heç nə yoxdur. 0.15 qəpikdən satış bizim heç dərmana çəkdiyimiz xərci ödəmir. Bağdan 15 ton məhsul yığmışam, 20 ton da yığılmalıdır. Saxlama kameraları artıq dolub. Rusiyada rublun dəyərdən düşməsi bizi çətin vəziyyətə saldı. Məhsullarımız qapıda qalıb. Alma təsərrüfatında heç vaxt belə böhran yaşanmamışdı. Bu il bütün fermerlər ziyandadırlar”.

A.İsayevin sözlərinə görə, məhsulu soyuducu saxlama kameralarına yerləşdirmək üçün 3 ay əvvəldən müraciət edilməlidir. Hansı ki bir çox fermerlər yığımdan sonra məhsulu dərhal satacaqlarına arxayın olub, kamerada yer almayıblar:

“Rusiyada rublun dollara nisbətdə dəyərdən düşməsi bizi pis vəziyyətə saldı. Məhsulu 0.35 qəpikdən də satmağa razıyıq. Bu halda ən azı çəkdiyimiz xərcin yarısını ödəyərik. 15 qəpik artıq xalis zərərdir”.

O da məlum oldu ki, ötən il fermer məhsulunu 70-90 qəpikdən satıb.

Qeyd edək ki, hazırda bazara Quba, Qusar, Xaçmaz rayonlarından məhsul daxil olub. Digər rayonlarda istehsal edilən alma oktyabrdan bazara daxil olacaq. İlkin proqnozlara görə, cari təsərrüfat mövsümündə ölkə üzrə 270 min tondan çox alma tədarük ediləcək. Ötən il bu rəqəm 27 5092.9 ton olub. Ümumilikdə il üzrə alma bağlarının məhsuldarlığı 96.4 sent/ha təşkil edib.

Ötən il 31 milyon dollar dəyərində alma satılıb

Nəzərə çatdıraq ki, Azərbaycan meyvələri, əsasən, Rusiya,Ukrayna, İtaliya, Qazaxıstan, Almaniya, İran, Gürcüstan, Türkmənistana ixrac edilir. Almanın əsas ixrac bazarı isə Rusiyadır. Rəsmi statistikaya görə, Azərbaycan 2017-ci ildə Rusiyaya alma ixracını 8% – 66,846 min tonadək artırıb.

2017-ci ildə Rusiyaya alma tədarükünün, demək olar ki, 9,5%-i Azərbaycanın payına düşüb.

Ümumilikdə isə Azərbaycan ötən il 31 milyon dollar dəyərində alma ixrac edib. 2017-ci ildə 2016-cı illə müqayisədə alma ixracı 30 faiz artıb. Bu il Rusiyada rublun dəyərdən düşməsi görünür, ixarcın azalmasına təsir edəcək.

Ekspert: bir ay sonra Rusiya bazarlarında ciddi boşluq yarana bilər

Aqrar sahə üzrə ekspert Nicat Nəsirli Milli.Az-a bildirdi ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il alma 50%-ə qədər dəyər itirib. 2017-ci ilin sentyabrda bağlarda ən ucuz alma 0.50-0.60 qəpiyə təklif olunurdu. Topdansatış bazarlarında isə ən ucuz almanın kiloqramı 0.30-0.37 qəpik arasındadır:

“Topdansatışlarda hətta 8 kq alma 2 manata, səyyar satışlarda 3 kq 1 manata satılır. Rəsmi göstəricilərə görə, Quba-Xaçmaz bölgəsində köhnə bağların məhsuldarlığı hektardan 10 tondur, bu da o deməkdir ki, bağban əlindəki məhsulu sata bilsə, hektardan 4 min manat əldə edəcək. Ötən il isə hektardan götürdüyü gəlir 8-9 min manat arası idi:

Builki iqlim şərtləri meyvə bağlarında keyfiyyətə ciddi təsir göstərib. Xüsusən, əsas alma istehsalçısı olan Qubada kiçik təsərrüfatların əksəriyyətində mövsüm ərzində bağlara dəfələrlə dərman səpilməsinə baxmayaraq dəmgil xəstəliyi məhsulların əmtəə görünüşünə öz zərbəsini vurub. İndidən demək olar ki, kiçik təsərrüfatlardakı almanın böyük əksəriyyəti emala getməlidir. Bağlardan xəstəliyin geniş yayılmasının digər səbəbləri dərmanların keyfiyyətsiz olması, bəzi fermerlərin kimyəvi dərmanlama işləri aparmamasıdır”.

Azərbaycanın əsas alma ixracı bazarının Rusiya olduğunu deyən N.Nəsirli  hazırda bu ölkənin də cənub bölgələrində istehsal potensialının güclü olduğunu irəli sürür:

“Təxminən bir aydan sonra Rusiya bazarlarında ciddi boşluq yarana bilər. O zaman rusiyalı istehlakçı bizim almamızı yeni qiymətlərlə qəbul etmək məcburiyyətində qalacaq. Buna görə iri istehlakçılar bir ay gözləməli olacaqlar”.

Günah vasitəçilərdə

Meyvələrin istehsalı, eləcə də ixracatı ilə məşğul olan “Amoris” MMC-nin rəhbər Fazil Ələkbərov bildirdi ki, onlar avqust ayından almanın xarici bazara satışını reallaşdırırlar. Satışlarında problem yoxdur:

“Fermerlərin şikayətləri vasitəçilərlə bağlıdır, bu sahədə formalaşmış iri şirkətlərlə deyil. Rusiya bazarında qiymətlər aşağı olduğu üçün aradakı vasitəçilər məhsulu alıb aparıb satmaqda maraqlı deyillər”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*